Finss.az - Bakı metropoliteninin inkişafı və genişləndirilməsi istiqamətində son 20 il ərzində mühüm layihələr icra olunub. Bunun bariz göstəricisi metropolitenin yeni inkişaf planının hazırlanması qeyd oluna bilər. 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə sərnişin nəqliyyatı sisteminin təkmilləşdirilməsi baxımından metronun genişləndirilməsi məqsədilə yeni konseptual inkişaf sxemin hazırlanmasına başlanıldı. 2011-ci ildə təsdiq edilmiş konseptual inkişaf sxeminə uyğun olaraq, Azərbaycanın müstəqilliyi illərinin Bənövşəyi adlandırılmış ilk metro xəttinin iki stansiyası 4 il sonra istifadəyə verildi.
Prezidentin Sərəncamından irəli gələn vəzifələrə uyğun olaraq, yeni xəttin qazıntısından texniki təchizatına qədər dünyanın qabaqcıl texnologiyaları tətbiq edilir. Yeni xəttin stansiyaları 7 vaqonlu qatarları qəbul etməyə hesablanıb. Stansiyalarda müasir SCADA, qatarlarda isə gələcəkdə radiodalğalarla idarəetmə prinsipləri əsas götürüldü. Yeraltı stansiyalar sərnişin məmnunluğu baxımından ən həssas təbəqənin belə maraqları nəzərə alınaraq liftlərlə təchiz edildi. Xəttin enerji məsələləri də müasir 35 kVt paylayıcı yarımstansiyaların inşası üzərində qurulmaqla texniki təhlükəsizlik məsələlərində optimal həllər tətbiq olundu. Ümumiyyətlə, metropolitendə qatarların hərəkətinin əsas təminatçısı olan enerji sisteminin dayanıqlığının artırılması, texniki təhlükəsizlik tələblərinin təmin edilməsi və yeni standartların tətbiqi baxımından Yaşıl və Qırmızı xətlərdə 4 yarımstansiya tikilib, 6-sı tamamilə yenidən qurulub. Enerji təhlükəsizliyi baxımından hər 3 xətti əhatə edən 21 dizel-generator quraşdırılmaqla, enerjinin verilişində fasilələr olduqda, hətta minimal tələblər çərçivəsində qatarların da hərəkətini təmin edən alternativ mənbə yaradılıb.
Son 20 il ərzində Yaşıl və Bənövşəyi xətlər üzrə 7 yeni stansiya inşa edilib. Metropoliten üçün xətlərin fəaliyyətini təmin edən nəhəng infrastruktur kimi, “Xocəsən” elektrik deposu isə nəinki müstəqillik dövründə, ümumilikdə Bakı metrosunun 58 illik tarixində yetişdirilmiş yerli mütəxəssilərin mühəndis-texniki bilik və bacarığının əyani nümayişidir. Bundan savayı, dərin özüllü 2 stansiyanın ikinci giriş-çıxışları inşa edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində Bakı metropolitenində mövcud infrastrukturun yeni standartlar səviyyəsinə qaldırılması əsas prioritetlər sırasındadır. Ötən illər ərzində 7 stansiya tamamilə, 9 stansiyanın platforma, vestibül və ya keçid sahələri əsaslı təmir olunaraq yenidən qurulub. Bu isə Bakının ağır hidrogeoloji şəraiti də nəzərə alınmaqla, yeni stansiyaların inşası qədər mühüm məsələ hesab olunur. Hazırda “Həzi Aslanov” stansiyasında əsaslı təmir və yenidənqurma işləri aparılır, “Cəfər Cabbarlı” stansiyasında isə yekunlaşmaq üzrədir.
İnşaat və yenidənqurma sahəsində ən mühüm yeniliklərdən biri dəmir-beton blokların tətbiqidir. Azərbaycan brendi kimi ölkədə ilk dəfə məhz Bakı metropolitenində təşkil edilən bu istehsal sahəsinin məhsulları ilə Bənövşəyi xəttin bütün yeni sahələri təmin olunur. “Xocəsən-Avtovağzal”, “Memar Əcəmi-B-04” tunel sahələri ilə yanaşı, “8 Noyabr”, “Xətai”, “Elmlər Akademiyası”, “Cəfər Cabbarlı”, “İçərişəhər” stansiya yollarında və “Xətai-Cəfər Cabbarlı” mənzilinin 500 metrlik hissəsində tətbiq edilib.
Metro nəqliyyatı üçün vaqon parkının müasirləşdirilməsi ən vacib məsələlərdən hesab olunur. 2003-2011-ci illərdə alınmış 166 yeni vaqonla metronun o vaxt üçün aktual olan qatar çatışmazlığı məsələsi həll olundusa, 2015-ci ildən innovasiyalar baxımından 4-cü nəsil vaqonların alınmasına başlanıldı. Ötən müddət ərzində 150 yeni vaqon alınıb və parkın 50 faizə yaxını məhz yeni nəsil qatarlardır.
1967-ci ildən fəaliyyət göstərən “Nərimanov” elektrik deposunda davamlı yenidənqurma işləri həyata keçirilir. Qaldırma təmiri sahəsi, vaqonaltı üfürmə, vaqonyuma sahələri yenidən qurulub, qatarların baxış-qulluq sahələrinin yarısı isə tamamilə yeni əsaslarla modernləşdirilib. Depo yollarında dəmir-beton şpalların və digər yol infrastrukturu yeniliklərinin tətbiqi, həmçinin qatarların hərəkətinin müasir “ox sayğacı” bazasında təmin edilməsi, müasir tipli dispetçer idarəetmə mərkəzinin inşası təhlükəsizlik tələblərini yeni standartlar səviyyəsinə qaldırıb. Təkər cütlərinin qatar altından çıxarılmadan yonulması, elektrik mühərriklərinin təmiri, ən vacibi, vaqonların əsaslı təmiri kimi sahələr fəaliyyətə başlayıb, vaqon təmiri prosesinin avtomatlaşdırılması layihəsi həyata keçirilib. Bütün bunlar texniki-iqtisadi səmərə ilə yanaşı, qatarlara xidmət, qulluq və təmirin optimallaşdırılması, eləcə də sərnişinə xidmət mədəniyyətinin artırılmasına təsir göstərib.
Sərnişinə xidmət baxımından xüsusi əhəmiyyət kəsb edən mühəndis-texniki qurğular kimi eskalatoların 90 faizə yaxını tamamilə yeni nəsil analoqları ilə dəyişdirilib. Çoxfunksiyalı diaqnostika kompleksi isə ən mühüm yeniliklərdən biri kimi metropolitendə təhlükəsizliyin daha da artırılması və infrastrukturun fəaliyyəti baxımından yeni standartları müəyyən edib.
Mühəndis-texniki yanaşmalar sırasında şəhər üçün mühüm ekoloji layihələrdən biri də yeraltı qrunt sularından səmərəli istifadə edilməsidir. 2020-ci ildən Bakı metropolitenində formalaşan bu sulardan paytaxtda texniki su kimi, ən əsası, yaşıllıqların suvarılmasında istifadə edilir.
Bakı metropolitenində sərnişin məmnunluğunun tərkib hissəsi kimi, RFİD karta keçid, daha sonra ictimai nəqliyyatda vahid ödəniş sisteminin tətbiqi, 2023-cü ilin sonundan isə rəqəmsal transformasiyanın başlanğıcı olaraq QR biletlərin tətbiqi qeyd edilə bilər.
İnklüzivliyin təmin edilməsi baxımından əlil arabası ilə hərəkət edənlərə, bir sözlə, metrodan istifadə imkanları məhdud olanlara təklif edilən “Əlçatan metro” xidməti ildən-ilə genişlənir. 2019-cu ildən indiyədək ilk dəfə ötən il bu kateqoriyalardan olan 1000-dən artıq –1310 sərnişin daşınıb.
2014-cü ildə yaradılaraq, 5 il sonra müasir tələblər səviyyəsində yenidən qurulmuş binada yerləşən Təlim tədris mərkəzi Bakı metropoliteni üçün kadrların hazırlanması, metropolitenlə tanışlıq üçün ən optimal məkana çevrilib. Burada müasir tipli tədris formatında maşinist hazırlığı kursları da keçirilir. Yenilik çərçivəsində ilk dəfə qadınların maşinist olmasına şərait yaradılır.
Metro əsas nəqliyyat vasitələrindən biri olmaqla yanaşı, həm də stansiyalarında keçirilən sosial xarakterli layihələr, maarifləndirmə kampaniyaları və kütləvi-mədəni tədbirlər məkanına çevrilib. Bu isə metronun tarixi-memarlıq abidəsi kimi məşhurlaşan simasına yeni missiya də əlavə edib.
Zemfira Ms
Finss.az