Finss.az - Dünya İqtisadi Forumunun növbəti illik toplantısı 20-24 yanvar tarixlərində İsveçrənin Davos şəhərində keçiriləcək.
Sayca 55-ci olan Forum bu dəfə “Ağıllı əsr üçün əməkdaşlıq” devizi altında toplaşır. Hər il olduğu kimi illik yığıncaqda dövlət və hökumət başçıları, əsas beynəlxalq təşkilatlar və Forumun 1000 tərəfdaş şirkətinin nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri, gənc liderlər, sosial sahibkarlar və media iştirak edəcək.
Forumda 5 əsas istiqamət üzrə müzakirələr təşkil olunacaq:
İnkişafın yenidən dizayn edilməsi – Güclü və dayanıqlı iqtisadiyyatların qurulması üçün yeni inkişaf mənbələrini necə müəyyən edə bilərik?
İntellektual əsrdə sənayelər - Biznes liderləri öz sənayelərinin transformasiyasında qısamüddətli məqsədlərlə uzunmüddətli imperativlər arasında tarazlığı necə əldə edə bilərlər?
İnsan kapitalına investisiya - Dövlət və özəl sektor müasir və davamlı cəmiyyətin inkişafına töhfə verən insan kapitalının inkişafına və iş yerlərinin artmasına necə sərmayə qoya bilər?
Planetin mühafizəsi - İnnovativ tərəfdaşlıqlar, artan maliyyələşdirmə və aparıcı texnologiyaların tətbiqi vasitəsilə enerji, iqlim və təbiət məqsədlərinə nail olmağı necə sürətləndirə bilərik?
Etimadın bərpası - Getdikcə mürəkkəbləşən və sürətlə inkişaf edən dünyada cəmiyyətlər arasında dərinləşən fikir ayrılıqları, geosiyasi çoxqütblük və siyasi proteksionizmə doğru baş verən dəyişikliklər həm ticarətə, həm də investisiyalara mane olur. Maraqlı tərəflər həm beynəlxalq, həm də cəmiyyətlər daxilində əməkdaşlıq etmək üçün yeni həll yollarını necə tapa bilərlər?
Bu gün ABŞ-da vəzifəsinin icrasına başlayacaq Donald Tramp yanvarın 23-də keçiriləcək sammitə canlı olaraq qoşulacaq.
Sammitdə Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen, Çin Baş nazirinin birinci müavini Dinq Şueşyan, Almaniya kansleri Olaf Şolts, Argentina prezidenti Xavyer Miley, Avropa Parlamentinin sədri Roberta Metsola, Cənubi Afrika Respublikasının prezidenti Matamela Siril Ramafosa, İspaniyanın Baş naziri Pedro, Sançes, Azərbaycan Prezidenti İlham Əliyev, Fələstinin Baş naziri Məhəmməd Mustafa, Ukrayna prezidenti Volodimir Zelenski və İsrail prezidenti İsaak Hersoq daxil olmaqla ümumilikdə 60 dövlət başçısının iştirakı gözlənilir.
Bundan əlavə, sammit görüşlərində Suriyanın yeni administrasiyasının xarici işlər naziri Əsəd Həsən Şeybani, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş, Dünya Ticarət Təşkilatının Baş direktoru Nqozi Okonjo İveala, Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristalina Georgiyeva, NATO-nun Baş katibi Mark Rutte, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) icraçı direktoru Acim Steiner də öz yerlərini tutacaqlar.
Sammitə qlobal iş dünyasından 900-ü yüksək səviyyəli rəhbər olmaqla 1600 nümayəndənin qatılacağı gözlənilsə də, Davosda Türkiyənin iş dünyasından da bir çox nümayəndə iştirak edəcək.