Finss.az - Bu il Azərbaycanda iki yeni milli park yaradılacaq.
Bunlardan biri İlisu Dövlət Təbiət Qoruğunun bazasında yaradılacaq İlisu Milli Parkı, digəri isə Acınohur çölündə Bozdağ Milli Parkı olacaq. Bozdağ Milli Parkı Samux, Yevlax və Qax rayonlarını əhatə edəcək.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib: hazırda ölkədə 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.
İşğaldan azad olunmuş ərazilərdə isə 6 xüsusi mühafizə olunan təbiət ərazisi mövcuddur. Burada bərpa işləri və bioloji müxtəlifliyin artırılması məqsədilə heyvan və balıqların təbiətə buraxılması tədbirləri həyata keçirilir.
Milli parkların inkişafı ekoturizmin artmasına da təkan verir. Ötən il Azərbaycandakı milli parklara 24 min 638 turist səfər edib ki, bunların əksəriyyəti Şirvan və Abşeron milli parklarını ziyarət ediblər.