Cəmiyyət

20 Dekabr

Bakı və Minsk arasında teatr qastrolları başlayır

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə Yanki Kupala adına Belarus Milli Akademik Teatrı arasında ikitərəfli əməkdaşlıq memorandumu imzalanıb.

Teatrın mətbuat xidmətindən Finss.az-a verilən məlumata görə, memorandumu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov və Yanki Kupala adına Belarus Milli Akademik Teatrının direktoru Aleksandr Şestakov imzalayıblar.

İmzalanma mərasimində Belarus Respublikasının Mədəniyyət nazirinin birinci müavini Dmitri Şlyaxtin və Azərbaycan Respublikasının Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev iştirak ediblər.

Səfir Məhərrəm Əliyev çıxış edərək, iki milli teatr arasında qurulan əməkdaşlığı yüksək qiymətləndirib və qeyd edib ki, Belarus Respublikası və Azərbaycan Respublikası arasında bir çox istiqamətlərdə nümunəvi əməkdaşlıq mövcuddur. O, teatrlar arasında imzalanan müqavilənin mədəniyyət sahəsində mühüm addım olduğunu və teatr sənətinin inkişafına töhfə verəcəyini bildirib.

Belarus Respublikasının mədəniyyət nazirinin birinci müavini Dmitri Şlyaxtin əməkdaşlığın teatr sənətində yeni bir mərhələ olduğunu və ölkələr arasında mədəni əlaqələrin daha da inkişaf edəcəyinə ümid etdiyini vurğulayıb.

Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərov, Azərbaycan Mədəniyyət Nazirliyinə və Belarus Mədəniyyət Nazirliyinə dəstək üçün təşəkkür edib. Memorandum əsasında, yaradıcı kollektivlərin qastrolları, mədəniyyət günləri, festivallar, sərgilər və digər mədəni tədbirlər planlaşdırılıb.

Yanki Kupala adına Belarus Milli Akademik Teatrının direktoru Aleksandr Şestakov isə müqaviləni teatrlarının həyatı üçün vacib hadisə kimi dəyərləndirib və 2025-ci ildə Minsk və Bakı arasında mübadilə qastrollarına hazırlıqların başladığını bildirib.