Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, İtaliyada keçirilən səfəri çərçivəsində dekabrın 18-də Roma şəhərində yerləşən Santa Çeçiliya Konservatoriyasının rektoru Franko Antonio Mirenzi ilə görüşüb.
Finss.az xəbər verir ki, görüşdə rektor konservatoriyanın tarixi və fəaliyyəti haqqında məlumat verərək, 1923-cü ildən bu yana İtaliyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olduğunu vurğulayıb. Adil Kərimli rektorun səmimi görüş və ətraflı məlumat üçün təşəkkürünü bildirib.
Nazir, Azərbaycanda musiqi mədəniyyəti və Avropa klassik musiqisi ənənələrindən danışıb. O, xüsusilə görkəmli opera müğənniləri Şövkət Məmmədova və Bülbülün Milan Konservatoriyasında aldığı dərslər və onların ölkənin musiqi mədəniyyətinə verdiyi töhfələri qeyd edib. Eyni zamanda, Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyasının yüksək səviyyəli təhsil ocaqları olduğunu və burada əcnəbi tələbələrin də təhsil aldığını əlavə edib.
Görüşdə, Azərbaycanın müvafiq ali təhsil ocaqları ilə Santa Çeçiliya Konservatoriyası arasında əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Bu səfər Azərbaycan Mədəniyyət Elçiləri Toplantısı çərçivəsində həyata keçirilib.