Finss.az xəbər verir ki, Sankt-Peterburq Dövlət Akademik Kapellasında keçirilən "Azərbaycan muğamı" adlı gecə Azərbaycan muğam sənətinin təbliği məqsədilə təşkil olunub. Tədbir Sankt-Peterburq hökuməti, Azərbaycanın Baş Konsulluğu və Azərbaycan Milli-Mədəni Muxtariyyətinin birgə təşkilatçılığı ilə reallaşıb.
Əməkdar artist Təyyar Bayramovun rəhbərliyi ilə Beynəlxalq Muğam Mərkəzinin nümayəndələri gecədə çıxış ediblər. Konsertdə “Sarı gəlin”, “Küçələrə su səpmişəm”, “Sarı bülbül” kimi xalq mahnıları və “Azərbaycan oğluyam”, “Qarabağ”, “Yaşa, mənim xalqım” kimi əsərlər ifa olunub.
Tədbirdə Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov, Azərbaycan və Rusiya Xarici İşlər Nazirliklərinin nümayəndələri, yerli hökumət üzvləri, diaspor nümayəndələri, azərbaycanlı tələbələr və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu vəzifəsini icra edən Anar Yusifzadə muğamın Azərbaycan mədəniyyətinin və bəşəriyyətin musiqi xəzinəsinin incisi olduğunu vurğulayıb. O, muğamın 2008-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini qeyd edib.
Gecə çərçivəsində Azərbaycan mədəniyyət paytaxtı Şuşa şəhərinin və Bakı şəhərinin mədəni-tarixi abidələrinə həsr olunmuş fotosərgi keçirilib. Milli musiqi alətləri, xalçalar nümayiş etdirilib, milli mətbəximizin nümunələri təqdim olunub.
Tədbirin sonunda Beynəlxalq Muğam Mərkəzinin nümayəndələri Azərbaycan mədəniyyətinin Rusiyada təbliğinə görə fəxri diplomlarla təltif ediliblər.