Cəmiyyət

19 Dekabr

Cənublu gənclərə milli dəyərlər təbliğ edildi

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Milli dəyərlərin qorunması və sülh quruculuğu istiqamətində təşəbbüslər" adlı layihə uğurla başa çatmışdır.

Finss.az xəbər verir ki, layihə çərçivəsində Lənkəran, Astara, Masallı və Cəlilabad rayonlarından ümumilikdə 80 gənc müxtəlif təlim və tədbirlərdə iştirak etmişdir. İştirakçı gənclər milli-mənəvi dəyərlərin əhəmiyyəti, bu dəyərlərin qorunub saxlanmasında gənclərin rolu, səmərəli ünsiyyət bacarıqları kimi mövzularda əhatəli təlimlərə cəlb olunmuşlar.

Qloballaşmanın və texnoloji tərəqqinin sürətlə inkişaf etdiyi müasir dövrdə bu cür layihələrin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, cənub bölgəsində yaşayan gənclərin mədəni kimliyini və milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, onları bu istiqamətdə təşviq etmək günümüzün aktual məsələlərindəndir. Layihə çərçivəsində keçirilən təlimlər cənub bölgəsinin zəngin mədəni irsinin və milli-mənəvi dəyərlərinin gənclər arasında təbliğinə, onların bu istiqamətdə fəal iştirakçılığının təmin edilməsinə və vətəndaş cəmiyyətinin inkişafına əhəmiyyətli töhfə vermişdir.

İştirakçıların əldə etdikləri bilik və bacarıqlar onların gələcək fəaliyyətlərində də əhəmiyyətli rol oynayacaq, milli dəyərlərin qorunması və təbliği istiqamətində davamlı töhfələr vermələrinə imkan yaradacaqdır.

Layihə sonunda bütün iştirakçılara sertifikatlar təqdim edilmiş və xatirə şəkilləri çəkilmişdir.

Layihənin icra edilməsi prosesində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin 4 rayon üzrə gənclər və idman sektorları, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara regional nümayəndəliyi, Gənclər evləri, Masallı rayon Paradoks Tədris və İnkişaf Mərkəzi yaxından iştirak etmiş və bütün təşkilatı proseslərdə dəstək olmuşlar.

Qeyd edək ki, layihənin rəhbəri Samir Axundov, layihəni icra edən təşkilat isə "İntellekt" Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyidir.