Ölkəmizdə dayanıqlı iqtisadiyyatın təmin edilməsində dövlət-özəl tərəfdaşlığının inkişafı mühüm prioritet təşkil edir. Dövlət-özəl tərəfdaşlığı birgə infrastruktur layihələrinin həyata keçirilməsi və ya dövlət xidmətlərinin göstərilməsi sahəsində hökumət və özəl sektor arasında əməkdaşlıq formasıdır. Bu mexanizm tərəflərin resurs və təcrübələrini birləşdirməyə və effektiv nəticələr əldə etməyə imkan verir.
Dövlət-özəl tərəfdaşlığı biznes və investisiyaların təşviqini təmin edir, yeni iş yerlərinin yaradılması üçün imkanları səfərbər edir. Eyni zamanda, özəl maliyyə resurslarının cəlb edilməsini də əhatə edir.
Dövlət-özəl tərəfdaşlığı sosial məsələlərin həllində də effektiv təsirə malikdir. Belə ki, bu istiqamətdə olan layihələrin bir çoxu təhsil, səhiyyə, nəqliyyat, mənzil tikintisi və xidmət sahələrində təkliflərin əlçatanlığı və keyfiyyətinin artırılmasına təkan verir. Dövlət vəsaitləri ilə qabaqcıl təcrübələrin vəhdəti xərcləri optimallaşdırmağa imkan yaradır.
Dövlət-özəl tərəfdaşlığı innovativ inkişaf üçün də katalizator rolunda çıxış edə bilir. Belə ki, özəl sektor çevik və qabaqcıl təcrübələrin tətbiqində daha fəal iştirakçıdır. Bu baxımdan özəl şirkətlərlə əməkdaşlıq dövlətə texnologiya və rəqəmsal həllər sahəsində təcrübədən yararlanmaq üçün əlverişli fürsətlər yaradır.
Dövlət-özəl tərəfdaşlığı dövlət xidmətlərindən istifadənin effektiv təşkilini də təmin edir, dövlət sektorunda idarəçiliyin səmərəliliyinin artırılmasına kömək edir. Belə ki, özəl şirkətləri cəlb etməklə şəffaf nəzarət sisteminin qurulması mümkün olur. Dövlət-özəl tərəfdaşlığının daha bir effektiv təsiri isə iqtisadiyyatın diversifikasiyasına verdiyi aktiv dəstəkdə özünü büruzə verir.
Azərbaycanda səmərəli dövlət-sahibkar tərəfdaşlığının təşkili
Son dövrlər Azərbaycanda dövlət-özəl tərəfdaşlığına dəstək mexanizmləri və zəruri stimullaşdırıcı mexanizmlərin tətbiqi əsaslı şəkildə artıb. İşğaldan azad edilmiş ərazilərdə işgüzar fəallığın artırılması və sərmayələrin təşviqinə yönəlmiş layihələr bu mənada xüsusi diqqət cəlb edir. Bu ərazilərdə dövlət-özəl tərəfdaşlığı modelləri əsasında bir çox investisiya layihələri həyata keçirilir.
Dövlət-özəl tərəfdaşlığı iqlim fəaliyyətində də önəmli rola malikdir. Ötən il ölkəmizdə keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən müxtəlif panellərdəki müzakirələrdə özəl sektorun rolunun artırılması, biznesə dəstək və sosial korporativ məsuliyyətin gücləndirilməsinə xüsusi yer ayrılmışdı.
Bu tədbir dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi baxımından vacib platforma oldu.
Vergi islahatları: dayanıqlı inkişafa gedən yol
Dövlət-özəl tərəfdaşlığının inkişafında vergi təşviqlərinin müstəsna əhəmiyyəti var. Təsadüfi deyil ki, son illər Vergi Məcəlləsinə dövlət-özəl sektorunun birgə fəaliyyətinə stimullaşdırıcı təsir göstərən dəyişikliklər edilib. Bunlardan biri dövlət-özəl sektor tərəfdaşlığının və yaşıl iqtisadiyyatın dəstəklənməsi məqsədilə bərpaolunan enerji mənbələrindən istifadə edilməklə elektrik enerjisi istehsalı layihələrinə vergi təşviqlərinin verilməsi ilə bağlıdır. Bütövlükdə, dövlət-özəl sektor tərəfdaşlığı və elektrik enerjisi istehsalı layihələri çərçivəsində xidmətlərin göstərilməsi, eləcə də həmin xidmətlərlə bağlı zəruri infrastrukturun yaradılması və idarəedilməsi ilə əlaqədar layihələrin icrasına investisiyaların cəlb edilməsi məqsədilə vergi azadolmaları tətbiq olunur. Belə ki, dövlət-özəl sektor tərəfdaşlığı layihələri üzrə özəl tərəfdaşlara, bərpaolunan enerji mənbələrindən istifadə edilməklə elektrik enerjisi istehsalı layihələri üzrə isə istehsalçılara müvafiq müqavilələrdə müəyyənləşdirilmiş müddətdə, lakin 30 ildən çox olmayaraq mənfəət (gəlir), əmlak, torpaq vergisi, idxalda ƏDV üzrə güzəştlər verilir.
Vergi güzəştləri özəl sektorun investisiya və layihə təşəbbüslərini stimullaşdırmaqla iqtisadi inkişafı dəstəkləyir, özəl sektoru müəyyən sahələrə yatırım etməyə təşviq edir. Məsələn, infrastruktur, səhiyyə, təhsil və ya ətraf mühitin qorunmasına yönəlik layihələrdə güzəştlər verildikdə, özəl sektor daha çox maliyyə və resurs ayıra bilər ki, bu da həm iqtisadi inkişafı dəstəkləyir, həm də dövlətin sosial və iqtisadi məqsədlərinə xidmət edir. Vergi güzəştləri özəl sektorun rəqabət qabiliyyətini artırır, çünki sahibkarlar resursları daha effektiv şəkildə istifadə edə bilirlər. Bu, özəl müəssisələrin daha innovativ və sərfəli həllər təklif etməsinə də şərait yaradır.
Vergi güzəştləri, həmçinin, sosial layihələrin həyata keçirilməsində özəl sektorun iştirakını artırır. Məsələn, təhsil və səhiyyə sahələrində investisiyalar üçün vergi güzəştləri bu sahələrdəki xidmətlərin genişlənməsinə və keyfiyyətinin yaxşılaşmasına kömək edə bilər. Göründüyü kimi, dövlət-özəl tərəfdaşlığı vergi güzəştləri vasitəsilə həm iqtisadi, həm də sosial məqsədləri birləşdirərək, effektiv və dayanıqlı inkişafı təşviq edə bilir.
©Vergiler.az