Finss.az - ABŞ-n texnologiya nəhəngi Microsoft Corp. 2024-cü ilin ikinci maliyyə rübündə xalis mənfəətini 10%, gəlirini isə 12% artırıb.
Şirkətin nəticələri bazar proqnozlarından üstün olub. Şirkətin rəsmi açıqlamasına görə, 31 dekabr 2024-cü ildə başa çatan rüb ərzində Microsoft-un xalis mənfəəti 24,11 milyard dollar (hər səhm üçün 3,23 dollar) təşkil edib. Müqayisə üçün, ötən ilin eyni dövründə bu göstərici 21,87 milyard dollar (hər səhm üçün 2,93 dollar) olub.
Şirkətin rüblük gəliri 69,63 milyard dollara çatıb ki, bu da ötən ilin 62,02 milyard dollar göstəricisindən yüksəkdir.
Analitiklərin gözləntiləri daha aşağı idi. FactSet tərəfindən aparılan sorğuya əsasən, mütəxəssislər Microsoft-un xalis mənfəətinin hər səhm üçün 3,11 dollar, ümumi gəlirin isə 68,9 milyard dollar olacağını proqnozlaşdırırdılar.
Microsoft-un güclü nəticələri süni intellekt və bulud texnologiyalarına artan tələbatın fonunda əldə edilib.