2024-cü ilin yanvar-dekabr aylarında Türkiyədə Azərbaycan kapitalı ilə 194 şirkət qeydiyyata alınıb. Bu isə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 73 şirkət azalma olduğunu göstərir.
Finss xəbər verir ki, bu barədə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin ümumi kapitalı 323 milyon 545 min türk lirəsi təşkil edib. Bu isə 2023-cü ilin eyni dövründə qeydə alınan 474 milyon 520 min türk lirəsi ilə müqayisədə azalma nümayiş etdirir.
TOBB-dan verilən məlumata görə, 2024-cü ilin yanvar-dekabr ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (164 şirkət) qeydiyyata alınıb. İstanbulda qeydiyyatdan keçən bu şirkətlərin ümumi kapitalı isə 134 milyon 915 min türk lirəsi olub.
2024-cü ildə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin 98-i ticarət sahəsində, digər şirkətlər isə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərir.
Fuad Mədətov
Finss.az