Finss.az - “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasının təmin edilməsi və aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə “Makroiqtisadi dayanıqlılıq” üzrə İşçi qrupun 2024-cü ilin yekunlarına dair iclası keçirilib.
Mərkəzi Bankın sədrinin birinci müavini və işçi qrupun sədri Əliyar Məmmədyarov Strategiya istiqamətində nəzərdə tutulan tədbirlərin Mərkəzi Bank tərəfindən icrası ilə bağlı məlumat verib. Daha sonra işçi qrupun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ayaz Müseyibov 2024-cü ilin yekunları ilə bağlı aparılmış monitorinq və qiymətləndirmə hesabatını təqdim edib.
“Daxili və xarici təsirlərə dayanıqlılıq məqsədi”nin 3 fəaliyyət istiqaməti çərçivəsində təsdiq edilmiş 15 tədbirin icrası ilə bağlı ətraflı məlumat verilib. Həyata keçirilən fəaliyyətlərin effektivliyinin daha da artırılması istiqamətində işçi qrupunun üzvləri və Mərkəzi Bankın məsul əməkdaşları ilə geniş müzakirələr aparılaraq növbəti addımlar müəyyən edilib.
İclasda Mərkəzi Bankın, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ədliyyə Nazirliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Dövlət Neft Fondunun, İpoteka və Kredit Zəmanət Fondunun, Əmanətlərin Sığortalanması Fondunun və Aqrar Sığorta Fondunun nümayəndələri iştirak edib.
Zemfira Ms
Finss.az