Finss.az - Dünya İqtisadi Forumunun (DİF) İsveçrənin Davos şəhərində keçirilən bu ilki illik toplantısının əsas istiqamətlərindən biri "İnsanlara investisiya" mövzusuna həsr olunub. "İnsanlara investisiya" mövzusu çərçivəsində toplantının sonuna qədər 30-dan artıq panel müzakirənin keçirilməsi nəzərdə tutulur.
Mövzu istiqamətində davam edən panel müzakirələri və onlardan çıxan nəticələri İİTKM-in İqtisadi təhlil şöbəsinin müdir müavini Elnur Ələkbərov şərh edib. O bildirib ki, "İnsanlara investisiya" Forumun bu ilki illik toplantısının beş əsas istiqamətindən biridir və əsas üzərində durduğu məsələlər texnoloji inkişafın təsirləri və bu təsirlərin yaradacağı milyonlarla iş imkanından faydalanmaq üçün insanların yenidən bacarıq qazanmasını və ya bacarıqlarını təkmilləşdirməsini təmin etməkdir. Eyni zamanda əsas məsələlərdən biri texnoloji nailiyyətlərin işçi qüvvəsi üçün müsbət nəticələrə çevrilməsi istiqamətində tədbirlər görülməsidir.
Sözügedən istiqamətin əsas sualı “Dövlət və özəl sektorlar müasir və dayanıqlı cəmiyyətin inkişafına töhfə verən insan kapitalının inkişafına və keyfiyyətli iş yerlərinin yaradılmasına necə investisiya qoya bilər?”dir.
Elnur Ələkbərov bildirir ki, texnologiya və innovasiyalardakı sürətli irəliləyişlər qlobal iqtisadiyyata və əmək bazarlarına ciddi təsir göstərərək həm çətinliklər, həm də imkanlar yaradır. Forumun panel sessiyalarında bu çətinliklərin insan kapitalına strateji investisiyalar, əməkdaşlıq və innovativ siyasətlərlə aradan qaldırılmasının vacibliyi vurğulanıb. Bugün qlobal əmək bazarında narahatlıq doğuran əsas məsələlərdən biri bacarıqlarda olan boşluqlardır. Bacarıq boşluğu işəgötürənin işçilərin öz işləri ilə əlaqəli vəzifələri yerinə yetirmək üçün lazımi kompetensiyalara malik olmadığı vəziyyəti müəyyən edir. Və özəl sektorun süni intellekt və rəqəmsal infrastruktur sahələrinə illik 240 milyard ABŞ dollarından çox investisiya qoymasına baxmayaraq, bacarıq boşluğu əsas maneə olaraq qalır. DİF-in son “İş yerlərinin gələcəyi” hesabatında da bacarıqlardakı boşluqların təşkilati transformasiya üçün ən böyük maneə olduğu və işəgötürənlərin 63%-i işçilərin lazımi bacarıqlara malik olmaması qənaətində olduğu vurğulanır. Bu problemin aradan qaldırılması üçün bizneslər, hökumətlər və təhsil sektoru arasında əməkdaşlıq vacibdir. Təhsil, yenidən bacarıq qazanma proqramları və işçi qüvvəsi planlaşdırmasında süni intellektdən istifadəyə üstünlük verilməsi bu boşluğu aradan qaldıra bilər.
E.Ələkbərov bildirir ki, müzakirələrdə diqqət mərkəzində olan məsələlərdən biri Z nəsli (Gen Z), bu nəslin hazırda əsas demoqrafik qrup olması və 2030-cü ilə qədər qlobal işçi qüvvəsinin 30%-ni təşkil etməsi proqnozudur. Rifahı, hibrid iş modelləri, praqmatik yanaşma Z nəslinin əsas prioritetləri sırasındadır. Bu prioritetlər işçi qüvvəsini cəlb edib qorumaq üçün iş yerlərində yeni strategiyaları tələb edir. Z nəslinin dəyərlərinə uyğun inklüziv və elastik iş mühitinin yaradılması vacib hesab olunur.
Müzakirələrdə 2010-cu ildən bəri beş dəfə artaraq bu gün qlobal miqyasda 200 milyondan çox müstəqil çalışanın (freelancer) əmək bazarına daxil olduğu gig iqtisadiyyatı da müzakirə olunub. Bu dəyişiklik ölkələrin qarşısında yeni siyasətlərin yaradılmasını tələb edir. Uzaqdan çalışma və layihəyə əsaslanan müqavilələr artıq sadəcə evdən çalışmaqla məhdudlaşmır, müxtəlif iş mühitlərinə şamil olunur. Bu baxımdan siyasətçilər və bizneslər çevikliyi və innovasiyanı qoruyaraq işçilərin hüquqlarını müdafiə etmək üçün birgə çalışmalıdır.
Mərkəz rəsmisi hesab edir ki, Forum çərçivəsində müzakirə olunan məsələlərə və qlobal əmək bazarının mövcud vəziyyətinə Azərbaycanın kontekstində yanaşdıqda, qlobal trendlərin ölkəmizin əmək bazarı üçün də xarakterik olduğunu müşahidə etmək mümkündür. Azərbaycanın gənc əhalisinin üstünlük təşkil etməsi və əmək qabiliyyətli əhalinin yüksək paya malik olması ölkəmizin ən böyük üstünlüklərindən biri hesab olunur. Bu demoqrafik imkan pəncərəsi qarşıdakı 15-20 il ərzində açıq qalacaq və bu müddətdə texnoloji dəyişikliklərin yaratdığı fürsətləri insan kapitalına və texnologiyalara doğru sərmayələrlə dəyərləndirə bilərik. Bu hədəflərə nail olmaq üçün isə dövlət və biznes sektorunun birgə əməkdaşlığı mühüm rol oynayır.
Zemfira Ms
Finss.az