Finss.az - Kənd təsərrüfatının çətin, kifayət qədər əmək tələb edən, amma bir o qədər də gəlirli sahələrindən hesab olunan arıçılığa maraq günü-gündən artır.
Azərbaycanda bal almağa imkan verən 600-ə qədər bitki növü var ki, bunların da təqribən 200-ü nektar və çiçək tozu mənbəyi kimi arıçılığın inkişafına təbii imkan yaradır. Bunun sayəsində kənd yerlərində yaşayan əhalinin gəlirləri artır və məşğulluq imkanları genişlənir. Digər tərəfdən, dövlət də bu sahənin inkişafı üçün əhəmiyyətli addımlar atır. 2018-ci ildən etibarən 5 il müddətinə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə subsidiya verilib. Bununla yanaşı, torpaq vergisi istisna olmaqla, arıçılar da 2024-cü ilə kimi digər vergilərdən azad olunublar. Üstəlik, investisiya təşviqi sənədinin alınması bu sahə üzrə çalışanların işini bir xeyli yüngülləşdirib. Bütün bu güzəştlər arı ailələrinin sayının artırılmasına və nəticə etibarilə məhsuldarlığa müsbət təsir göstərib.
Ötən il rekord həcmdə bal süzülüb
Geridə qalan 2024-cü il arıçılar üçün ürəkaçan olub. Ölkə üzrə təxminən 700 min arı ailəsi ilə mövsümə başlayan sahibkarlar nə az, nə çox - 8 min ton təbii bal süzüblər. Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin sədri Bədrəddin Həsrətov vurğulayır ki, bal arılarının məhsuldarlığı üçün ilkin şərt havaların əlverişli keçməsidir. Adətən, arılar mayda çiçəklərdən nektar toplayır və həmin vaxt havaların necə keçməsi məhsuldarlığı proqnozlaşdırmağa imkan verir. Yaz mövsümündə temperaturun aşağı olması və intensiv yağışlar arıların şirə toplamasına maneə yaradır ki, bu da məhsuldarlıqda ciddi itkiyə gətirib çıxarır. Arı təsərrüfatı olanlar belə bir halla 2023-cü ilin yazında qarşılaşıblar. Belə ki, həmin il 597 mindən çox arı ailəsi cəmi 4.550 ton bal verib. Bu da 2024-cü illə müqayisədə kifayət qədər aşağı göstəricidir.
50-yə yaxın rayondan 20 mindən çox arıçını öz ətrafında birləşdirən Azərbaycan Arıçılar Assosiasiyasının sədri arılar arasında xəstəliklərin yaranmasının da məhsuldarlığa ciddi mənfi təsir göstərdiyini vurğulayır. Xüsusən, havaların yağıntılı keçməsi parazitlərin çoxalmasına, nəticədə isə arı ailələrinin sıradan çıxmasına səbəb olur. Bunu önləmək üçün ən effektiv vasitə arı ailələrinin sığortalanmasıdır və bu istiqamətdə intensiv maarifləndirmə tədbirləri həyata keçirilir. Bu məqsədlə Aqrar Sığorta Agentliyi ilə birgə görüşlər təşkil olunur.
İxrac coğrafiyasını genişləndirmək əsas hədəfdir
Dövlət Gömrük Komitəsinin açıqladığı statistik məlumatlardan bu sahədə idxalın ixracı xeyli üstələdyini görmək mümkündür. 2024-cü ilin III rübünün göstəricilərinə əsasən, 2 ton 628 kiloqram təbii bal ixrac edildiyi halda, idxal 12 ton 50 kiloqrama bərabər olub. Azərbaycan təbii balının əsas ixrac edildiyi ölkələr isə Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Yaponiyadır. Assosiasiya sədri bildirir ki, istehsalın artırılması və ixrac imkanlarının genişləndirilməsi məsələsi daim masa üzərindədir. Ölkə vətəndaşlarının bir illik bala olan tələbatı 6-7 min tona yaxındır, xarici ölkələrə isə çox az miqdarda bal ixrac edilir. Ümumiyyətlə, Azərbaycan balının dünya bazarına çıxarılması üçün məqsədyönlü işlər görülür. Bu məsələdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) fəallığı ilə seçilir.
Dünyada bal satışı iki seqmentdə aparılır. Adi bal üçün mənbə əkin sahələri, premium bal üçün isə vəhşi təbiətdir. Premium məhsul digərindən baha satılır ki, ölkəmizdə süzülən bal da məhz bu kateqoriyaya aiddir. B.Həsrətov düşünür ki, bu məhsulları dünya bazarına çıxarmaq üçün beynəlxalq sərgilərdə iştirak vacibdir. Üstəlik, tanıtma xarakterli videoçarxların çəkilməsi də məhsula kifayət qədər maraq cəlb edə bilər. Nəzərə alsaq ki, Azərbaycan balı dadına və görünüşünə görə adından söz etdirməyi bacarır, o zaman alıcı tapmaq da çətin olmayacaq. Hazırda çox az miqdarda Azərbaycan balı Körfəz ölkələrinə və Yaponiyaya ixrac edilir. Yeni ixrac istiqamətlərinə yönəlmək üçün təkliflər nəzərdən keçirilir, sahibkarlar isə araşdırmalar edərək gəlirli bazar axtarışındadırlar.
Qiymət sabit qalıb
Bu il 1 kiloqram balın yerli bazarda satış qiyməti 30 manatı keçmir. Sahibkarlar süzdükləri təbii məhsulu 25-30 manat aralığında bazara çıxarırlar. B.Həsrətovun sözlərinə əsaslansaq, qarşıdakı aylarda da qiymətlərdə ciddi artım gözlənilmir. Ümumiyyətlə, balın qiymətinin artması birbaşa maya dəyərinin yüksəlməsindən və məhsulun az olmasından asılıdır. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə nəzər yetirsək, 2023-cü ildə balın 1 kiloqramının orta satış qiymətinin 25,8 manat civarında olduğunu görürük. Başqa sözlə, qiymətdə ciddi dəyişiklik gözə dəymir.
Azad edilmiş ərazilərdə arıçılıq üçün əlverişli mühit var
Arıçılıq təsərrüfatlarına ölkəmizin demək olar ki, bütün bölgələrində rast gəlinir. Azərbaycan Arıçılıq Assosiasiyasının İdarə Heyətinin sədri, əsasən, şimal-qərb və cənub bölgələrinin istehsalda fərqləndiyini deyir. Buna rəğmən, son zamanlar Gəncəbasar ərazisində bu sahəyə marağın artdığı müşahidə olunur. Əvvəllər heç kimin ağlına gəlməyən Kürkənarı bölgələrdə də arıçılq yeni inkişaf mərhələsinə qədəm qoyub. İstər relyef, istərdə də bitki örtüyü Kiçik Qafqazda - Qarabağ və Şərqi Zəngəzurda bu sahənin inkişafını sürətləndirir. Təsadüfi deyil ki, yola saldığımız 2024-cü ildə rekord sayda - 200 min arı ailəsi Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Xocavəndə köçürülüb və yüksək məhsuldarlıq əldə olunub. Bu bölgənin balına daxili bazarda da ciddi tələbat müşahidə edilir. Bir sözlə, ölkəmizin yerləşdiyi iqlim qurşaqları orqanik və keyfiyyətli bal istehsalına münbit şərait yaradır.
Arıçılığa dəstək mexanizmi: subsidiya və vergi güzəştləri
Arıçılığın inkişafı üçün 2018-2023-cü illərdə hər arı ailəsinə görə fermerlərə 10 manat subsidiya ödənilib. Bu, arı ailələrinin sayını artırmaqla yanaşı, arıçılıqla məşğul olan şəxslərin də sayının çoxalmasına səbəb olub. Assosiasiya sədri deyir ki, bir arı ailəsinə illik təqribən 50-60 manat xərc çəkilir. Subsidiya bunun kiçik bir hissəsini qarşılasa da, əsasən yaz köçü zamanı dərmanların alınmasında bu mexanizm sahibkarların köməyinə çatır. B.Həsrətov bunun son olmadığını, arıçıların ürəyincə olacaq yeni subsidiya mexanizminin üzərində iş aparıldığını vurğulayır. Belə ki, damazlıq ana arıların alınması üçün subsidiyanın verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi ilə müzakirələr aparılır. Damazlıq ana arıların alınması üçün subsidiya ayrılması arıçılar üçün yeni səhifə açmış olacaq. Başqa sözlə, bunun sayəsində cins tərkibi yaxşılaşacaq, xəstəliklər azalacaq, nəticədə isə məhsuldarlıq bol olacaq.
Sərgi-satış yarmarkaları
Arıçılara digər bir dəstək mexanizmi hər il keçirilən sərgi-satış yarmarkalarıdır. İldə bir dəfə bu sahə ilə məşğul olan şəxslərə, 400 kiloqramdan artıq olmamaqla, süzdüyü balı yarmarkalar vasitəsilə şəhər sakinlərinə təqdim etmək fürsəti verilir. Arıçılıq təsərrüfatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan edən və minimum 40 arı ailəsi olanlar, süzülmüş balla yanaşı, 30 ədəd arı şanı da satışa çıxara bilərlər. Bütün bölgələrdən arıçıların bir araya gəldiyi yarmarkalar onların gəlirlərinin kifayət qədər artımına səbəb olur. Sonuncu belə yarmarka 2024-cü ilin sentyabrında keçirilib və 68 tona yaxın bal paytaxt sakinlərinə təqdim edilib. 275 arıçının öz məhsullarını bazara çıxardığı yarmarkada satılan balın 3 tondan çoxu Qarabağ və Şərqi Zəngəzurda istehsal edilib.
© vergiler.az