Finss.az - İsveçrənin Davos şəhərində keçirilən 55-ci Dünya İqtisadi Forumunda əsas müzakirə mövzularından biri “İnsanlara İnvestisiya” (Investing in People) istiqaməti üzrə Z nəslinin dünya xəritəsini dəyişməsi (Gen Z Changes the Map) fenomenidir. Forum iştirakçıları Z nəslinin əmək bazarına, innovasiyalara, iqtisadi transformasiyalara təsirini və qlobal iqtisadiyyatın gələcəyində oynadığı rolu müxtəlif perspektivlərdən qiymətləndirirlər. Mövzunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi Lətif Zeynallı bildirib ki, Z nəsli dövrün ən dinamik və dəyişkən nəsli olaraq cəmiyyətin formalaşmasında hər gün daha çox söz sahibinə çevrilirlər. Texnologiya əsrində dünyaya göz açan bu fərdlər gələcəyin nələr gətirəcəyini yalnız izləmək yox, həm də özləri yaratmaq istəyirlər.1996-cı ildən sonra doğulmuş və indi gəncliyini yaşayan Z nəsli hər şeyin dərhal gerçəkləşdiyi, hər informasiyanın bir kliklə əldə olunduğu dünyada həm gələcəyin liderləri, həm də texnologiyanın ən güclü istifadəçiləri olaraq qarşımıza çıxır.
Dünya İqtisadi Forumunun proqnozlarına əsasən, Z nəsli 2030-cu ilə qədər qlobal işçi qüvvəsinin 30 faizini təşkil edəcək, 2035-ci ilə qədər isə işçi qüvvəsində ən böyük nəsil olacaq. Qlobal “EY” şirkətinin əməkdaşlarının 33%-i Z nəslindəndir və bu göstəricinin 2030-cu ilə qədər 70%-ə çatacağı gözlənilir. Bu isə Z nəslinin əmək bazarında sürətlə artan təsirini və onların gələcəkdəki rolunu göstərir.
Lətif Zeynallı bildirir ki, Z nəsli COVID-19 böhranı və iqlim dəyişikliyi kimi çağırışlarla bağlı pessimizmlə üzləşsə də, “World Data Lab” və “NielsenIQ”-nin araşdırmalarına görə, bu nəsil tarixdəki ən böyük və ən zəngin nəsil olmaqla yanaşı, sərvətin daha ədalətli qlobal bölgüsünə töhfə verəcək.
İİTKM-in ekspertinin sözlərinə görə, Z nəsli iş mühitinin dinamikalarını yenidən formalaşdırır. Adaptasiya bacarıqları, rəqəmsal səriştələri və kommunikasiyaya verdikləri önəm onları daim dəyişən işgüzar mühitdə uğur qazanmağa yönəldir. “McKinsey” hesabatlarına əsasən, Z nəslinin 38%-i “CEO” olmağı arzulayır ki, bu da digər nəsillərlə müqayisədə yüksək göstəricidir və yaxın gələcəkdə onların rəhbər mövqelərdə daha çox yer tutacağını göstərir.
Lətif Zeynallı əlavə edib ki, qlobal tendensiyalar və onların təsiri, xüsusilə Z nəslinin işçi qüvvəsindəki rolu Azərbaycanda da bənzər dinamika nümayiş etdirir. Ölkəmizdə 15-29 yaş aralığında olan işçilərin əmək bazarındakı payı digər yaş qrupları ilə müqayisədə 23%-ə çatıb. Z nəslinin əmək bazarına daxil olması ilə Azərbaycan texnoloji tərəqqi, innovasiya və dayanıqlı iqtisadi inkişaf sahələrində yeni imkanlar əldə edir. Bu, həm yerli bizneslərə, həm də dövlət siyasətinə yeni çağırışlar və tövsiyələr gətirə bilər. Çünki Z nəslinin əmək bazarındakı mövqeyi ölkənin iqtisadi transformasiyasını sürətləndirən amillərdən biri olacaq.
Zemfira Ms
Finss.az