BİZNES

17 Yanvar

Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikiləcək

Finss.az - Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin rəhbərlik etdiyi konsorsium Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı zavodunun tikintisini reallaşdıracaq. İqtisadiyyat Nazirliyinin məlumatına görə, layihə dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçiriləcək və konsorsium bu məqsədlə elan edilmiş müsabiqənin qalibi olub.

Layihə çərçivəsində Sumqayıt Kimya Sənaye Parkında gündəlik istehsal gücü 300 min m³ su olan zavodun tikintisi planlaşdırılır. Zavodun 2,5 il ərzində tikilməsi və ümumi müddətinin 27,5 il olması nəzərdə tutulur. Bu müddət ərzində müəssisə konsorsium tərəfindən idarə ediləcək və daha sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təhvil veriləcək.

Layihə Bakı və Abşeron yarımadasının içməli su tələbatını qarşılamaq, su mənbələrini şaxələndirmək və beynəlxalq təcrübə ilə texnologiya transferini stimullaşdırmaq baxımından mühüm əhəmiyyətə malikdir. Konsorsiumun digər üzvü Türkiyənin “IC İçtaş İnşaat Sanayi ve Ticaret A.Ş.” şirkətidir.

“ACWA Power” 2004-cü ildən fəaliyyət göstərir və suyun duzsuzlaşdırılması sahəsində qabaqcıl şirkətlərdən biridir. Şirkət 13 ölkədə fəaliyyət göstərir və geniş miqyaslı layihələrdə təcrübəyə malikdir.