Finss.az - Daşınmaz əmlak obyektinin sxematik bölgüsünün aparılması və bölgü planının verilməsi həm texniki, həm də hüquqi aspektləri əhatə edən prosesdir. Belə ki, daşınmaz əmlakın bir hissəsinin satılması və ya bağışlanması zamanı aparılan sxematik bölgü ilə həmin hissənin sərhədləri, ölçüləri və sahəsi dəqiqləşdirilir. Xidmətdən istifadə etmək üçün edilən müraciət isə rahat və əlçatandır.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq təyinatı dəyişdirilmədən bölünə bilən daşınmaz əmlakın sxematik bölgü sənədinin tərtib edilməsi onlayn müraciət əsasında elektron xidmət vasitəsilə həyata keçirilir. Xidmətdən istifadə etmək üçün notarial qaydada təsdiq edilmiş müqavilə və ya daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını təsdiq edən sənəd tələb olunur. Bölgü sxemi fiziki şəxsin mülkiyyətində olan daşınmaz əmlaka dair verildiyi halda əlavə olaraq şəxsiyyət vəsiqəsi, hüquqi şəxslərə münasibətdə isə notarial qaydada və ya hüquqi şəxs tərəfindən təsdiq olunmuş etibarnamə, hüquqi şəxsin qeydiyyat şəhadətnaməsi, hüquqi şəxslərin dövlət reyestrindən çıxarış tələb olunur.
Onlayn qaydada müraciət etmək üçün ”www.e-emlak.gov.az” Elektron Xidmətlər Portalında təqdim olunan “Daşınmaz əmlakın sxematik bölgüsünün aparılması” xidmətinə (//e-emlak.gov.az/SchematicDivision/login ) keçid edib müvafiq məlumatları daxil etmək lazımdır. Bölgü sxeminin verilməsi 15 gün müddətində həyata keçirilir.