Finss.az - Bu gün Bakıda Azərbaycan İqtisadiyyat Nazirliyi və Latviya Dövlət Gəlirlər Xidməti arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu imzalanıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov bununla bağlı "X" sosial şəbəkəsində məlumat verib.
İmzalanma mərasimi M. Cabbarov və Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya arasında keçirilən görüşdə baş tutub. Nazir bildirib ki, Memorandum Azərbaycan və Latviya vergi orqanları arasında səmərəli tərəfdaşlığın və məlumat mübadiləsinin təşkilinə dəstək verəcək.
Tərəflər, həmçinin ikitərəfli iqtisadi əlaqələrin inkişafının önəmini vurğulayaraq, yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər. Memoranduma əsasən, tərəflər vergi borclarının ödənilməsi və vergidən yayınma ilə mübarizədə qarşılıqlı əməkdaşlıq edəcəklər.