BİZNES

16 Yanvar

Azərbaycanın Avropaya qaz ixracı 8,6% artıb

Finss.az - Azərbaycanın Avropaya qaz ixracatı 2024-cü ildə 8,6% artaraq 12,9 milyard kubmetrə çatıb. Ötən il ölkəmizdə 50,3 milyard kubmetr təbii qaz hasil edilib. Bu hasilatın 13,3 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 27,8 milyard kubmetri “Şahdəniz”, 1,5 milyard kubmetri “Abşeron” yatağından və 7,7 milyard kubmetri SOCAR tərəfindən əldə olunub. 2023-cü il ilə müqayisədə hasilat 2 milyard kubmetr artıb.

İqtisadçı deputat Vüqar Bayramov qeyd edib ki, 2023-cü ildə Azərbaycan tarixində ilk dəfə olaraq illik mavi qaz hasilatı 50 milyard kubmetri keçib. Bu isə ölkə üçün daha çox ixrac imkanları yaradır. Hal-hazırda Azərbaycan, regionun 12 ölkəsinə mavi qaz nəql edir.

Bayramovun sözlərinə görə, 2023-cü ildə xaricə qaz satışı 25,2 milyard kubmetr olub, bu da 2022-ci illə müqayisədə 5,8% artım göstərib. Avropa ilə yanaşı, 9,9 milyard kubmetr qaz Türkiyəyə, 2,4 milyard kubmetri isə Gürcüstana ixrac olunub. Həmçinin, TANAP vasitəsilə Türkiyəyə 5,6 milyard kubmetr qaz nəql edilib.

Bayramov bildirib ki, mavi qaz ixracı dövlət gəlirlərini artırmaqla yanaşı, Azərbaycanın geo-siyasi mövqeyini də möhkəmləndirir və regionun enerji təhlükəsizliyinin güclənməsində ölkəmizin rolunu artırır.