BİZNES

16 Yanvar

Azərbaycan və Rusiya Hesablama Palataları əməkdaşlıq perspektivlərini müzakirə edib

Finss.az - Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti, Rusiya Hesablama Palatasının yaradılmasının 30 illiyinə həsr olunmuş tədbirdə iştirak edib.

Yubiley tədbiri çərçivəsində Rusiya Hesablama Palatasının geniş tərkibli kollegiya iclası keçirilib. Tədbirdə Rusiya Federasiya Şurasının sədrinin birinci müavini Andrey Yatskin, Dövlət Dumasının Nəzarət Komitəsinin sədri Oleq Morozov, regional nəzarət orqanlarının nümayəndələri və Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Belarus, BƏƏ kimi ölkələrin ali audit orqanlarının rəhbərləri iştirak ediblər.

İclasda Rusiya Hesablama Palatasının sədri qurumun 30 illik fəaliyyəti ərzində əldə edilən nəticələrdən danışıb. Auditlər zamanı aşkar olunan pozuntular, onların aradan qaldırılması istiqamətində görülən tədbirlər və gələcək fəaliyyət planları barədə məlumat təqdim edilib. Bildirilib ki, qurum rəqəmsallaşdırma prosesini genişləndirir, müasir texnologiya və süni intellektdən istifadə etməklə audit keyfiyyətini artırır.

Eyni zamanda, sosial-iqtisadi inkişaf hədəflərinin və dövlət proqramlarının icrasına nəzarət, qarşıdakı dövrdə əsas prioritetlərdən biri kimi qeyd olunub.

Səfər zamanı Azərbaycan Hesablama Palatasının nümayəndə heyəti Rusiya Hesablama Palatasının nümayəndələri ilə ikitərəfli görüş keçirib. Görüşdə qurumlar arasında əməkdaşlıq perspektivləri və əlaqələrin gücləndirilməsi məsələləri müzakirə edilib.

Bu səfər iki ölkənin ali audit qurumları arasında əməkdaşlığın inkişafı üçün yeni imkanlar açır.