Finss.az - Özbəkistan Nəqliyyat Nazirliyi beynəlxalq nəqliyyat marşrutlarının şaxələndirilməsi istiqamətində genişmiqyaslı işlər aparır. Xüsusilə Azərbaycan ərazisindən keçən yeni tranzit dəhlizlərinin yaradılması prioritet məsələlərdən biridir.
Özbəkistanın nəqliyyat naziri İlhom Maxkamovun verdiyi məlumata görə, ölkədə nəqliyyat-logistika sisteminin inkişafına dair 2030-cu ilə qədər bir konsepsiya hazırlanıb. Bu proqram yükdaşımaların maya dəyərinin azaldılması, beynəlxalq marşrutların şaxələndirilməsi və logistik mərkəzlərin inkişafını əhatə edir.
Əsas məqsəd Özbəkistanın Logistika Performans İndeksində (LPI) mövqeyini 88-ci yerdən 55-ci yerə qədər yüksəltməkdir. Bu çərçivədə Türkmənistan, Azərbaycan, Gürcüstan və Avropa İttifaqını birləşdirən marşrutların inkişafı nəzərdə tutulub.
Alternativ tranzit dəhlizləri arasında Azərbaycanla yanaşı, Türkmənistan-İran-Türkiyə, Əndican-Oş-Kaşqar və Özbəkistan-Əfqanıstan-Pakistan istiqamətləri də yer alır. Yeni marşrutların effektivliyi üçün gömrük prosedurlarının sadələşdirilməsi, nəqliyyat sənədlərinin qarşılıqlı tanınması və “yaşıl dəhliz” sisteminin tətbiqi planlaşdırılır.
Həmçinin Özbəkistan Belçika, Serbiya, Norveç və Xorvatiya ilə yeni nəqliyyat müqavilələri imzalamağı, Çin, İran, Belarus və digər ölkələrlə isə mövcud razılaşmalara yenidən baxmağı hədəfləyir.