BİZNES

14 Yanvar

Slovakiya daha uzun müddət Azərbaycan qazını almaq istəyindədir

Finss.az - Slovakiyanın ən böyük enerji tədarükçüsü olan "Slovensky plynárenský priemysel" (SPP) şirkətindən bildirilib ki, şirkət Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə qısamüddətli pilot müqavilə imzalayıb. Qaz 2024-cü ilin dekabrında alınıb və çatdırılma Avstriyaya olub. Şirkət hazırda növbəti və uzunmüddətli addımlar üçün əməkdaşlığı qiymətləndirir.

Ukrayna vasitəsilə Rusiyadan təchizatın dayandırılması ilə əlaqədar olaraq qaz mənbələrinin şaxələndirilməsi proqramı çərçivəsində SPP BP şirkəti "ExxonMobil", "Shell", ENI və RWE ilə müqavilələr imzalayıb. 

Qeyd edək ki, SOCAR, Slovakiyanın dövlətə məxsus ən böyük enerji təchizatçısı olan SPP şirkətinə 2024-cü ilin dekabrın 1-dən başlayaraq təbii qaz tədarükünə başlayıb. Tədarük, "Həmrəylik Həlqəsi" (STRING) təşəbbüsü çərçivəsində həyata keçirilir. Slovakiya Qaz və Neft Assosiasiyasının (SGOA) icraçı direktoru Rixard Kvasnyovski bu ilin may ayında bildirib ki, STRING təşəbbüsü çərçivəsində Azərbaycan qazının Avropaya tədarükü ilkin mərhələdə ildə 5 milyard kubmetr təşkil edə bilər.