Finss.az - 2024-cü il “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə Çin arasında əməkdaşlığın genişləndirilməsi baxımından əlamətdar olub. Ötən il Azərbaycan ilk ixrac blok-qatarını Orta Dəhliz vasitəsilə Çinə yola salıb. Bakı-Sian istiqamətində göndərilən bu qatarla 1664 ton koks yükü çatdırılıb ki, bu da yerli sahibkarlar üçün Çin bazarına birbaşa çıxış imkanı yaradıb.
2024-cü ildə Orta Dəhliz vasitəsilə ümumilikdə 358 blok-qatar daşınıb, bunlardan 146-sı tranzit, 212-si isə idxal yüklərini təşkil edib. Daşınan yüklər arasında tibbi ləvazimatlar, avtomobil ehtiyat hissələri, qida və qeyri-qida məhsulları üstünlük təşkil edib.
ADY ilə Çin dəmir yolu təşkilatları arasında keçirilən görüşlərdə Orta Dəhlizin inkişafı və Bakı-Tbilisi-Qars dəmiryol xətti ilə yükdaşımaların artırılması müzakirə edilib. 2025-ci ildə Çindən Azərbaycan və Avropaya göndərilən blok-qatarların sayının 1000-ə çatdırılması planlaşdırılır.