Finss.az - İmişli rayonu ərazisində pambıqçılıq sahəsində 2024-cü ildə rayon üzrə hektar payına görə ən yüksək məhsuldarlıq qeydə alınıb. Son 10 ildə bu, regionda pambıqçılıq sahəsinin inkişafında mühüm addım sayılır.
İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Eldar Bədirxanov bildirib ki, 2024-cü ildə rayon üzrə 7033,7 hektar sahədə pambıq becərilib. Rayonun pambıqçılıq sahəsində son illərdə əldə edilən yüksək nəticələrin əsasını məhsuldar və xəstəliklərə dözümlü toxumlar təşkil edir. Bu il "Lazer", "May 505", BA-1010 və DP adlı toxumlar üstünlük təşkil edib.
Bədirxanov əlavə edib ki, ümumilikdə rayon üzrə 800-dən çox fermerlə əkin müqaviləsi bağlanılıb. Pambıq yığımı prosesində 30-dan çox kombayn ərazilərə cəlb edilib. Bu günə qədər 21 min 836,1 ton məhsul tədarük olunub. Orta hesabla hər hektara 31 sentner məhsuldarlıq əldə edilib ki, bu da son 10 ildə İmişlidə pambıqçılıq sahəsində qeydə alınan ən yüksək göstəricidir. Hazırda pambıq tarlalarında yığım işləri sona çatmaq üzrədir.
Qeyd edək ki, 2023-cü ildə İmişli rayonunda 7 min 592,4 hektar sahədə pambıq becərilib və hər hektara orta hesabla 24,6 sentner məhsul alınmışdır. Toplamda isə 18 min 680,73 ton pambıq tədarük olunub.
Bu uğurlar, rayonun pambıqçılıq sahəsində davamlı inkişafını və istehsalın artımını göstərir. Həmçinin, İmişli rayonu pambıqçılıq sahəsində gələcək illərdə daha da yüksək nəticələr əldə etməyi planlaşdırır.