Finss.az - 2024-cü il ərzində dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta illik ixrac qiyməti 82.87 ABŞ dollarına bərabər olub.
Yanvar-dekabr aylarında Azərbaycan neftinin qiymət diapazonu dəyişkənlik göstərib. Ən yüksək göstərici iyul ayında qeydə alınıb və 1 barel neftin qiyməti 94.73 ABŞ dollarına çatıb. Ən minimal göstərici isə mart ayında müşahidə olunub və bu rəqəm 71.87 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, 2024-cü il üçün Azərbaycanın dövlət büdcəsində bir barel neftin orta illik ixrac qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Ötən il bu göstərici 75 ABŞ dolları olaraq hesablanmışdı. Buna baxmayaraq, "Azeri Light" markalı neftin faktiki qiyməti büdcədə nəzərdə tutulan rəqəmləri üstələyərək, dövlət gəlirlərinə müsbət təsir göstərib.
Analitiklər bildirirlər ki, dünya neft bazarlarında tələb-təklif balansı, geopolitik gərginliklər və OPEC+ qərarları neft qiymətlərinə təsir edən əsas faktorlar olaraq qalır. Gözləntilərə görə, 2025-ci ildə də "Azeri Light" markalı neftin qiymətində dəyişikliklər baş verə bilər.