BİZNES

20 Avqust

“Bakı Mərmər Qranit” MMC özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Xidməti müəssisələrin sağlamlaşdırılması və özəlləşdirilməsi istiqamətində işləri davam etdirir. Dövlət müəssisələrinin investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi isə sərmayələrin cəlb edilməsi, müasir avadanlıq və texnologiyalara əsaslanan istehsalın qurulması və genişləndirilməsi, rəqabətqabiliyyətli idxalı əvəzləyən məhsul istehsalı, yeni iş yerlərinin yaradılması baxımından əlverişli mexanizmdir.

Finss.az xəbər verir ki, tikinti sənayesinə töhfə verə biləcək daha bir müəssisənin - “Bakı Mərmər Qranit” Məhdud Məsuliyyəti Cəmiyyətinin dövlətə məxsus paylarının satışı ilə bağlı elan edilmiş investisiya müsabiqəsinə yekun vurulub. Müsabiqə komissiyası tərəfindən iddiaçıların təqdim etdiyi təkliflər qiymətləndirilib və daha əlverişli şərtlər təklif edən “Omax Sənaye Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyəti investisiya müsabiqəsinin qalibi elan olunub və müsabiqənin qalibi ilə alqı-satqı müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən, investor dövlət büdcəsinə 10 milyon manat məbləğində vəsaitin köçürülməsi və 2 il ərzində müəssisədə 10 milyon 500 min manat həcmində İnvestisiya Proqramının icrasını təmin edəcəkdir. Proqram çərçivəsində mövcud bina və tikililərin təmiri, mərmər-qranit avadanlıqlarının (onların elektron idarəetmə sistemləri daxil olmaqla) təmiri və ya yenilənməsi, polad boru və profillərin, müxtəlif güclərdə hava kompressorlarının, təzyiqli avtoyuma avadanlıqlarının, istixana komplekslərinin metal konstruksiyalarının istehsalı xəttinin qurulması, habelə bəzi digər istiqamətlərə investisiya qoyuluşlarının həyata keçirilməsi nəzərdə tutulur.

İnvestisiya Proqramının icrası müəssisədə ən azı 100 yeni iş yerinin açılmasına imkan yaradacaq.

Fuad Mədətov
Finss.az