BİZNES

05 Avqust

Azərbaycan şirkəti BƏƏ-yə termoizolyasiya lövhələri ixrac edəcək

Azərbaycanda istehsal olunan XPS termoizolyasiya lövhələri Birləşmiş Ərəb Əmirliklərinə ixrac ediləcək. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına ölkəmizdə XPS termoizolyasiya lövhələrinin yeganə istehsalçısı olan “Thermoplast” MMC-nin direktoru Əkbər Süleymanzadə deyib.

Onun sözlərinə görə, hazırda tərəflər arasında müqavilələrin hazırlanması prosesi həyata keçirilir: “BƏƏ-də hava çox isti olduğu üçün bizim lövhələrə ehtiyac var. Ərəb Əmirliklərində bu lövhələrin istehsalı həyata keçirilsə də, tələbat ödənilmir. BƏƏ-nin bir neçə tikinti şirkəti bizim məhsulla maraqlanıb. Oraya məhsullarımızdan nümunələr göndərmişik, onları çox bəyəniblər”. Şirkət direktoru əlavə edib ki, ay ərzində BƏƏ-yə 3000-5000 kubmetr lövhənin ixrac ediləcəyi gözlənilir.

Hazırda Gürcüstana məhsul ixrac etdiklərini deyən Ə.Süleymanzadə qeyd edib ki, 2019-cu ildən Azərbaycanda XPS termoizolyasiya lövhələrinin istehsalına başlayan şirkətin hazırladığı lövhələr digər lövhələrdən daha möhkəm, istifadə müddəti isə daha çoxdur: “İzolyasiya lövhələri qışda evi isti, yayda sərin saxlayır, divarlara nəmliyin hopmasına imkan vermir. Bu lövhələrdən bütün növ tikililər üçün istifadə etmək olar. Zəngilan, Şuşa, Ağdam və Kəlbəcərdə aparılan tikinti işləri üçün məhsulumuzdan geniş istifadə edilir. Tikinti şirkətləri işğaldan azad edilmiş ərazilərdə hava şəraitinin tez-tez dəyişdiyini nəzərə alaraq bizim məhsuldan çox istifadə edirlər”.