BİZNES

18 İyul

Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkədir

Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkədir. Bu ölkə 2023-cü ilin sonunadək Azərbaycan iqtisadiyyatına ümumilikdə 83 milyard dollar sərmayə qoyub. 2023-cü ildə Azərbaycan ilə Böyük Britaniya arasında ticarət dövriyyəsinin həcmi 790 milyon dollardan çox olub. Cari ilin yanvar-may aylarında isə ticarət dövriyyəsinin həcmi 140 milyon ABŞ dollarından artıq olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 10 faizdən çoxdur.

İqtisadi əməkdaşlığımızın uzun tarixi kökləri var. Hələ XIX əsrin sonu-XX əsrin ilk illərində ingilis şirkətləri Bakının neft müəssisələrinə böyük həcmdə kapital yatırıb. 1904-cü ildə Böyük Britaniya ağ neftə tələbatının 47 faizini Bakı nefti hesabına ödəyib. 2016-cı ilin aprelində Baronessa Emma Nikolson Baş nazirin Azərbaycan, Türkmənistan və İraq üzrə ticarət elçisi təyin edilib. Həmin vaxtdan E.Nikolson ölkəmizə bir sıra səfərlər edib, həmçinin iqtisadi sahədə əməkdaşlığın genişlənməsi məqsədilə ölkəmizin müxtəlif dövlət qurumlarının rəhbər və mütəxəssislərinin Britaniyaya səfərlərini təşkil edib. 2021-ci ilin mayında təsis edilən Britaniya-Azərbaycan Ticarət və Sənaye Palatası 2022-ci ildə fəaliyyətə başlayıb.

Ölkələrimizin iqtisadi əlaqələrində neft-qaz sahəsində əməkdaşlıq mühüm yer tutur. BP Azərbaycanın neft-qaz sektorunda çalışan əsas Britaniya şirkətidir. Şirkət Azərbaycanın neft-qaz sektorunun inkişafına və modernləşdirilməsinə mühüm töhfələr verməklə enerji sektorunda ölkəmizin əsas tərəfdaşı qismində çıxış edir. BP “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” layihələrinin operatoru, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum təbii qaz kəmərlərinin, Cənub Qaz Dəhlizinin komponentləri olan Cənubi Qafqaz boru kəmərinin, TANAP, TAP kimi irimiqyaslı layihələrin əsas sərmayədarlarından biridir. BP Azərbaycanda ən böyük xarici investordur. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandığı vaxtdan etibarən SOCAR və BP arasında enerji sahəsində uğurlu əməkdaşlıq qurulub və 2017-ci il sentyabrın 14-də SOCAR və BP arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının 2050-ci ilədək işlənilməsini nəzərdə tutan yeni saziş imzalanıb. Sazişin imzalanması Azərbaycan-Britaniya əməkdaşlığında növbəti tarixi hadisədir. Bu saziş ölkələrimiz arasındakı əlaqələrin möhkəmliyinin, qarşılıqlı etimadın və faydalı investisiya layihələrinin uğurlu təzahürüdür.

Bundan başqa, 2018-ci il aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyaya işgüzar səfəri çərçivəsində BP ilə SOCAR arasında Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 blokunun birgə kəşfiyyatı və işlənilməsi üçün hasilatın pay bölgüsü haqqında yeni saziş imzalanıb.

İki ölkə arasında şəhərsalma, ərazi planlaşdırılması və memarlıq sahəsində əməkdaşlıq inkişaf etməkdədir. Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə qarşı tərəfin müvafiq qurumu arasında “ağıllı binalar, ağıllı şəhər və ağıllı kənd” və “şəhər inkişafının planlaşdırılması, şəhərsalma və tikinti layihələrinin tətbiqi” sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulub.

Azərbaycanda 500-dən çox Birləşmiş Krallıq investisiyalı kommersiya qurumu fəaliyyət göstərir. Bu rəqəm iqtisadi tərəfdaşlığımızın şaxələndirilməsinin mühüm göstəricisidir. Mühüm istiqamətlərdən biri də odur ki, Britaniya şirkətləri işğaldan azad olunmuş ərazilərin bərpası, o cümlədən minalardan təmizlənməsi işində iştirak üçün maraq göstərir. Britaniyanın “Chapman Taylor LLP” şirkəti ilə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında Şuşa və Cəbrayıl şəhərlərinin Baş planlarının hazırlanmasına dair müqavilələr imzalanıb. Dövlətimizin başçısı Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Gəncədə törətdiyi qanlı faciələr nəticəsində həyatını itirmiş sakinlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Gəncə Memorial Kompleksinin yaradılması barədə tapşırıq verilib. Həmin kompleksin layihəsi “Chapman Taylor” şirkəti tərəfindən hazırlanıb.

Ölkələrimiz arasında alternativ enerji sahəsində də uğurlu əməkdaşlıq qurulub. 2018-ci ildə Energetika Nazirliyi ilə BP şirkəti arasında “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. 2021-ci il mayın 20-də “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Beynəlxalq Ticarət Departamenti arasında təmiz enerjiyə keçid sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Sənəddə iki ölkə arasında enerji məsələlərində, o cümlədən bərpaolunan enerji, enerji səmərəliliyi, aşağıkarbonlu texnologiyalar, liberal enerji bazarına keçid və elektrik şəbəkələri kimi sahələrdə əməkdaşlıq və iqlim dəyişikliyi probleminin həlli imkanlarının araşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, bərpaolunan enerji, aşağıkarbonlu texnologiyalar, hidrogen enerjisindən istifadə üzrə BB təcrübəsinin öyrənilməsi, eləcə də bu sahədə kadr potensialının gücləndirilməsi məqsədilə Energetika Nazirliyi və Böyük Britaniyanın ölkəmizdəki səfirliyi arasında əməkdaşlıq çərçivəsində çoxsaylı təlim və seminarlar keçirilməkdədir.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar sahələrində də səmərəli əməkdaşlıq həyata keçirilir. İki ölkə arasında avtomobil nəqliyyatı ilə az həcmdə beynəlxalq yük daşımaları həyata keçirilir.

Azərbaycanda Britaniya istehsalı olan 29 adda dərman dövlət qeydiyyatından keçib.

 

© azertac