“Sea Breeze” kurort şəhərciyi yenə də mühüm tədbirə ev sahibliyi etdi.
Fins.az xəbər verir ki, mayın 30-da “The Grand Sea Breeze”in yeni tədbir zalında ikinci “Sea Breeze Investment Forum” beynəlxalq investisiya forumu keçirildi. Forumun başlıca mövzusu Azərbaycanda daşınmaz əmlaka yatırım və ölkəmizin investisiya potensialı oldu.
Forumdan öncə qonaqlar üçün “Sea Breeze” boyunca qolf maşınlarda xüsusi ekskursiya keçirildi. “Sea Breeze Resort”un təsisçisi və sahibi Emin Ağalarov qonaqlara hazırda tikilməkdə olan binalar, təhvil verilmiş layihələr və qarşıya qoyulmuş məqsədlər barədə məlumat verdi. Bundan sonra, İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə unikal “Caspian Dream Liner” layihəsinin təməli qoyuldu.
Forumun açılışını Emin Ağalarov etdi və “Sea Breeze”in layihə fondu barədə məlumat verdi. “Sea Breeze”i sanki bir qalereyaya bənzədən cənab Ağalarov əlavə etdi ki, “daşınmaz əmlak və tikinti sahəsini iki dəfə artırmağı planlaşdırırıq”. İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan iqtisadiyyatında qeyri-neft sektoruna daha çox diqqət ayrılmasını və iqtisadiyyatın şaxələndirilməsinin labüdlüyünü vurğuladı.
“Sea Breeze” bizi hər dəfə təəccübləndirməyi bacarır”, – bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib. Komitə sədri əlavə edib ki, “Sea Breeze”də ərazinin inkişafı və planlaşdırılması zamanı kompleks yanaşma tətbiq edilir. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev isə turizm sektorunun ÜDM-də payının artmasının qarşıya mühüm məqsəd kimi qoyulduğunu söylədi.
Tədbir çərçivəsində “Sea Breeze” ilə Azərbaycan Turizm Bürosu arasında vahid bron xidmətinin yaradılması barədə əməkdaşlıq sazişi, “ABB Bank” ilə “Sea Breeze”də “ABB Bank”ın filialının açılması haqda memorandum imzalandı. “Sea Breeze Booking” barədə məlumat verən məhsulun inkişafı üzrə direktor Şahin Axundov hazırda platformanın portfoliosunun 500 müqavilə həddinə çatdığını vurğuladı. “Commonwealth Partnership”in İdarəedici partnyoru Sergey Ryabokobılko isə “Sea Breeze”in investisiya əlçatanlığına xüsusi diqqət ayırdı.
Forumda Rusiya, Qazaxıstan, Türkiyə, Hindistan, İsrail və digər ölkələrdən qonaqlar da iştirak etdilər. Bu il ikinci dəfə keçirilmiş “Sea Breeze Investment Forum” dövlət rəsmiləri ilə bərabər, daşınmaz əmlak və investisiya sahələri üzrə mütəxəssisləri də bir araya topladı. İştirakçılar forumun uğurlu keçməsi və peşəkarlıqla təşkil edilməsindən məmnunluqlarını bildirdilər.