BİZNES

20 Yanvar

“AzerGold” QSC və törəmə müəssisələrinin kollektivi 20 Yanvar faciəsinin qəhrəmanlarını yad edib

 “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) birgə təşkilatçılığı ilə müstəqil Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən biri olan 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Dünyanın ilk tanker-muzeyi olan “Surxanı”da təşkil edilmiş “20  Yanvar – Qəhrəmanlıq salnaməsi” adlı interaktiv tədbirdə “AzerGold” QSC ilə yanaşı, onun törəmə müəssisələri “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin kollektivləri də iştirak edib.

Fins.az xəbər verir ki, tədbir çərçivəsində “20 Yanvar – Rəssamların gözü ilə” adlı rəsm sərgisi ziyarət edilib. İştirakçılar xalqımızın azadlıq mübarizəsinin zirvəsi hesab edilən hadisənin epizodlarının bədii-estetik çalarlar ilə əks olunduğu rəsm əsərləri ilə tanış olublar.

Tədbirdə uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqımızın öz suverenliyi uğrunda göstərdiyi cəsarətin sovet rejiminin süqutunu sürətləndirməklə yanaşı, onun cinayətkar mahiyyətini bir daha bütün dünyaya nümayiş etdirdiyi qeyd edilib. Bildirilib ki, 1990-cı ilin Qanlı Yanvarı təkcə böyük faciə deyil, həm də törədilən ağır fəsadlara, yaşanan bütün haqsızlıqlara baxmayaraq, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan bir xalqın böyük mənəvi gücə malik olduğunun əyani sübutudur.

Daha sonra Qanlı Yanvar qəhrəmanlarına aid şəxsi əşyalar, arxiv sənədləri, o cümlədən faciəni özündə əks etdirən müxtəlif materiallardan ibarət ekspoziyaya baxış keçirilib. Burada həmin gün Bakı buxtasında ölüm-dirim mübarizəsi aparan və öz fədakarlıqları ilə faciənin miqyasının daha da genişlənməsinə əngəl olan dənizçilər haqqında ətraflı məlumatlar verilib.  

Sonda ASCO-nun təşəbbüsü ilə çəkilən 20 Yanvar hadisələrindən və qəhrəman dənizçilərimizin rəşadətindən bəhs edən “20 yanvarda doğulanlar” bədii-sənədli filmi təqdim edilib.

Günel Məlikzadə
Fins.az