BİZNES

19 Yanvar

Audiovizual Şura 9 hüquqi şəxsin lisenziyasını LƏĞV EDİB

Audiovizual Şura ötən il 9 hüquqi şəxsin lisenziyasını ləğv edib.

Fins.az xəbər verir ki, bu barədə Şuranın hesabatında bildirilib.

Qeyd olunub ki, Audiovizual Şura fəaliyyətdə olmayan, o cümlədən fəaliyyət göstərdiyi təsbit olunmayan audiovizual media subyektlərinin lisenziyalarının ləğv olunması prosesi həyata keçirib.

İl ərzində Audiovizual Şuranın müvafiq qərarları ilə "Caspium Group" MMC-yə xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla yayımının həyata keçirilməsini təmin edən fəaliyyət üçün, "Media Art" şirkətinə, "Metronet" MMC-yə, "Albax TV" MMC-yə, "Şam" MMC-yə, "Real Telecom" MMC-yə, "RA Technologies" MMC-yə abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün Milli Televiziya və Radio Şurası tərəfindən verilmiş lisenziyalar, habelə "İzone" MMC-yə və "Startelekom" MMC-yə universal platforma operatoru fəaliyyətini təmin etmək üçün Azərbaycan Audiovizual Şurası tərəfindən verilmiş lisenziyalar ləğv edilib.

Ümumilikdə, 9 hüquqi şəxsin lisenziyası ləğv edilib.

Bununla da, hazırda, Azərbaycan ərazisində fəaliyyət göstərən audiovizual media subyektlərinin (redaksiyalarının və xidmətlərinin) tərkibi belədir:

11 ümumölkə yerüstü televiziya redaksiyası;
10 regional yerüstü televiziya redaksiyası (bundan 1-i Naxçıvan MR-da);
16 ümumölkə yerüstü radio radio redaksiyası;
4 regional yerüstü radio redaksiyası (bundan 1-i Naxçıvan MR-da);
10 peyk yayımı həyata keçirən platforma yayımçısı redaksiyası (bundan 8-i həm də regional yerüstü televiziya redaksiyasıdır);
16 peyk yayımı həyata keçirməyən platforma yayımçısı redaksiyası;
2 sifarişli yayım xidməti provayderi;
42 universal platforma operatoru;
8 sadə platforma operatoru;
2 multipleks operatoru.

Fuad Mədətov
Fins.az