İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın dekabr sayına əsasən, 2023-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın ümumi ixracı 31,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,5% artaraq 3 milyard ABŞ dolları təşkil edib. Eyni dövr ərzində yeyinti məhsulları üzrə ixrac isə 821,7 milyon ABŞ dollarına bərabər olub.
Bu barədə Fins.az-a İİTKM-dən məlumat verilib.
Cari ilin 11 ayı ərzində elektrik enerjisinin ixracı 3,1 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 2,5 dəfə, plastmas və ondan hazırlanmış məmulatların ixracı 22,1%, qara metal məmulatlarının ixracı 16,4%, meyvə-tərəvəz ixracı isə 8,1% artıb.
2023-cü ilin yanvar-noyabr ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 6,4% artaraq 853,62 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,6% artaraq 181,47 milyon ABŞ dolları təşkil edib.
Cari ilin ilk 11 ayı ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (379,3 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (143,1 milyon ABŞ dolları) ikinci, pomidor (tomat) (140,5 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2023-cü ilin yanvar-noyabr ayları ərzində Rusiya Federasiyasına 1 milyard ABŞ dolları, Türkiyəyə 728,8 milyon ABŞ dolları, Gürcüstana 299,9 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 154,6 milyon ABŞ dolları, Qazaxıstana isə 89,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Cari ilin noyabr ayının qeyri-neft ixracı 6,2% artaraq 321,85 milyon ABŞ dolları olub. Yeyinti məhsulları üzrə ixrac 114,8 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 17,3% artımla 207,05 milyon ABŞ dolları təşkil edib.
2023-cü ilin noyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (122,4 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (52,9 milyon ABŞ dolları) ikinci və Gürcüstan (33,5 milyon ABŞ dolları) üçüncü olub.
2023-cü ilin noyabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (45,3 milyon ABŞ dolları) birinci, elektrik enerjisi (31,2 milyon ABŞ dolları) ikinci və qızıl (25 milyon ABŞ dolları) üçüncü olub.
“İxrac icmalı”nda göstərilib ki, 2023-cü ilin yanvar-dekabr ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilmiş qeyri-neft ixracının dəyəri 242,9 milyon ABŞ dolları, dekabr ayında isə 21,5 milyon ABŞ dolları olub.
“İxrac icmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2023-cü ilin yanvar-noyabr aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib. 11 aylıq müddət üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: Şirinov Elvin Valeh oğlu, “MKT İstehsalat Kommersiya” MMC, “Baku Steel Company” QSC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Best Logistik” MMC, “My Fruit” MMC, “STP Global Cable” MMC, “P-Aqro” MMC, Muradova Sahibə Səlimət qızı, “Mors Trading” MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə “Azərenerji” ATSC başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, “SOCAR Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Azəripək” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti.
2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 48 ölkəsinə 18 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 faizini təşkil edib. 2023-cü ilin noyabr ayında isə “Azərkosmos” dünyanın 44 ölkəsinə 1,8 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
2023-cü ilin yanvar-noyabr ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 5,2 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,7 milyon ABŞ dolları ilə Lüksemburq, 1,5 milyon ABŞ dolları ilə BƏƏ, 959,4 min ABŞ dolları ilə Almaniya və 675,8 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.
2023-cü ilin yanvar-noyabr aylarında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 2 milyard manat, yalnız noyabr ayında isə 181,8 milyon manat dəyərində əməliyyat aparılıb.
Fuad Mədətov
Fins.az