Caspian Energy Club fəaliyyət göstərdiyi ölkələrdə idarə heyətinin sədrləri ilə müqavilənin müddətinin başa çatması ilə əlaqədar dünyanın müxtəlif ölkələrində xarici nümayəndəliklərinin fəaliyyətini müvəqqəti dayandırır. Bu barədə Caspian Energy Club International-ın idarəedici direktoru Günel Quliyeva bildirib.
Qurumdan Fins.az-a bildirilib ki, Caspian Energy Club tərəfindən 2023-cü ildə 21 ölkədə altı böyük forum təşkil olunmuş və bir sıra tədbirlər keçirilmişdir. “Ötən il bizim üçün çox məhsuldar keçdi, biz əminik ki, qarşıdakı il ərzində də müəyyən etdiyimiz yüksək tempi qoruyub saxlaya biləcəyik. Həmçinin qeyd edim ki, 2024-cü il üçün yeni təqvim planı və inkişaf strategiyamız artıq hazırdır”, - deyə Günel Quliyeva qeyd edib və əlavə edib ki, 2024-cü ilin yanvarında klubun xarici nümayəndəliklərinin idarə heyətinin sədrləri ilə yeni müqavilələr bağlanacaq. “Biz həmçinin 2024-cü ildə Caspian Energy Club-un xaricdəki coğrafiyasının genişləndiriləcəyini bildirməkdən məmnunuq”, - Günel Quliyeva bildirib. O əlavə edib ki, Caspian Energy Club ofislərinin idarə heyətinin sədrliyinə yeni namizədlər müəyyən edilənə və onlarla müqavilə bağlanana qədər bütün xarici tədbirlər Caspian Energy Club International-ın idarəedici direktorunun rəhbərliyi altında keçiriləcək.
“Caspian Energy Club-un xarici nümayəndəliklərinin idarə heyətinin bütün sədrlərinə təşkilatımızın maraqlarının xaricdə təmsil olunmasında göstərdikləri yüksək peşəkarlığa və Caspian Energy Club-a üzv olan şirkətlərin nümayəndələrinə göstərdikləri böyük dəstəyə görə təşəkkür etmək və onlara yeni fəaliyyətlərində uğurlar arzulamaq istərdim”, - Caspian Energy Club International-ın icraçı direktoru Günel Quliyeva bildirib.
“Caspian Energy Club tərəfindən planlaşdırılan tədbirlər arasında daha öncə bir arada keçirilən Caspian Energy Forum və Caspian Investment Forum-ları qeyd etmək və sözügedən forumların artıq iki fərqli foruma bölünməsi haqqında qərarın alınmasını da diqqətə çatdırmaq istərdik. Biz həmçinin şəhərsalma üzrə beynəlxalq innovativ forum - Grand City Forum - keçirməyi planlaşdırırıq. Bundan əlavə, planlarımıza Middle Corridor Forum-un təşkili də daxildir. 2024-cü il üçün inkişaf strategiyasına uyğun olaraq, biz yenə də fəaliyyətimizin əvvəlində olduğu kimi, Orta Dəhliz ölkələrində həyata keçirilən bütün layihələrə, eləcə də bu layihələr çərçivəsində əməkdaşlıq etmək istəyən tərəfdaş ölkələrə dəstək olacağıq”, - Günel Quliyeva qeyd edib. O, həmçinin bildirib ki, xarici nümayəndəliklərin sədrləri ilə yeni sazişə əsasən onlara Caspian Energy jurnalının qismən və ya tamamilə çap edilməsi və nəşrin səhifələrində öz reklamlarını və tərəfdaşlarının reklamlarını yerləşdirərək yaymaq hüququ veriləcək.
“Xarici ofislərin yaradılması və bu ofislərin fəaliyyətlərinin təşviqinin əsas məqsədi biznes networking üçün beynəlxalq platforma statusumuzu gücləndirmək və biznes - hökumət arasında dialoq yaratmaqdır. Bu proseslərdə biz həm dövlət qurumlarının, həm də özəl sektorun dəstəyinə, onların fəallığına və təşəbbüskarlığına çox ümid edirik. Caspian Energy Club-un xarici ofislərinin genişlənmə coğrafiyası bilavasitə klub üzvlərinin ehtiyac və istəkləri, onların xidmət və ya məhsullarını müəyyən ölkələrin bazarlarına çıxarmaq istəyi ilə bağlıdır”, - deyə Günel Quliyeva yekunlaşdırıb.
Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Çexiya, İsrail, Almaniya, Polşa, Slovakiya, BƏƏ-də rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
Caspian Energy Club International 2023-cü ildə Caspian Energy Club-un beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində Caspian Energy Club International dünyanın 100 ölkəsində klubun fiziki ofislərini yaratmağı planlaşdırır. Caspian Energy Club International-ın əsas funksiyalarından biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.
Günel Məlikzadə
Fins.az