BİRJA

05 Avqust

Bakı Fond Birjasının birjalardakı böhran ilə bağlı AÇIQLAMASI

İstanbul, Moskva və Yaponiyanın fond bazarlarında kəskin azalmalar müşahidə olunur.

Fins.az-ın məlumataına görə, İstanbul Fond Birjasında avtomatik ticarət dayandırma mexanizmi işə düşüb və BIST 100 indeksi 6,72% dəyər itirib. Daha sonra ikinci müdafiə səviyyəsinin işə düşməsi ilə bəzi alətlər və əməliyyatlar müvəqqəti dayandırılıb. Nəticədə, BIST 100 indeksi 7,07% azalıb, 9733,35 bəndə düşüb. Ticarət bərpa edildikdə isə indeks 9991,39 bəndə qədər yüksəlib. Bu böhran, iyul ayında inflyasiyanın 61,8%-ə düşməsi fonunda baş verib.

Moskva Fond Birjasının isə indeksi 5 avqustda 1,85% azalaraq 2845,47 bəndə düşüb. Bu, dünya indekslərinin və neft qiymətlərinin azalması ilə əlaqədardır. Brent markalı neftin qiyməti 76 ABŞ dollardan aşağı düşüb. Rusiya bazarının düşüşü, sanksiyalar səbəbilə qlobal tənəzzüldən nisbətən izolyasiya olunmasına baxmayaraq baş verir. Moskva Birjası 2847,41 bəndə yüksəlib, lakin gələcəkdə 2800 bəndə qədər düşə biləcəyi proqnozlaşdırılır.

Bundan başqa, Yaponiyanın Nikkei 225 İndeksi 13% azalaraq 31 156,12 bəndə düşüb, bu 1987-ci ildən bəri ən böyük düşüş hesab olunur. “Bank of Japan”ın faiz dərəcələrini artırması və yenin güclənməsi ixracatçıların gəlirlərinə mənfi təsir göstərib. Nikkei 225 iki ticarət sessiyasında 18,2% itirib, bu isə tarixində ən pis iki günlük düşüşdür. ABŞ-da resessiya qorxuları da bu azalmaya təsir edib.

Məsələ ilə bağlı Fins.az-ın sorğusunu cavablandıran Bakı Fond Birjası (BFB) adları qeyd edilən birjalarda baş verən qiymət dinamikasının həmin ölkələrin makroiqtisadi göstəriciləri və aparıcı şirkətlərin gəlir gözləntiləri ilə bağlı olduğunu bildirib:

“BFB tərəfindən xarici maliyyə bazarlarında baş verən dinamika izlənilir, lakin bizim kapital bazarına bu enişlərin təsiri birbaşa ölçülə bilən deyil”.

Qeyd edək ki, bu üç böyük birjada baş verən hadisələr, qlobal iqtisadiyyatda artan qeyri-müəyyənlik və valyuta bazarlarında volatillik səbəbindən genişlənməkdədir.

Fuad Mədətov
Fins.az