BİRJA

25 Yanvar

Tesla-nın səhmləri maliyyə hesabatı dərcindən sonra 6% ucuzlaşıb

Amerikanın elektrikli avtomobil istehsalçısı Tesla-nın səhmləri şirkətin maliyyə hesabatlarının dərcindən sonra 6% ucuzlaşıb. Qeyd olunur ki, maliyyə göstəriciləri bazar gözləntilərini əks etdirməyib.

Fins.az xəbər verir ki, əsas ticarət sessiyasının bağlanmasından sonra “Tesla” səhmlərinin qiyməti  5.9% ucuzlaşaraq 195.5$ təşkil edib. Çərşənbə günü ticarət sessiyasının sonunda səhmlərin qiyməti 0.6% ucuzlaşaraq 207.83$ olub.

Dördüncü rübdə şirkətin səhm üzrə korreksiya olunmuş xalis mənfəəti 1.19$-dan 0.71$-a düşüb. Səhm üzrə xalis mənfəət isə ötən il ilə müqayisədə bir səhm üçün 1.07$-dan 2.27$-a yüksəldi. Üç hesabat ayı üzrə gəlir illik müqayisədə 3% artaraq 25.167 milyard dollara çatıb. Səhmdarlara aid olan xalis mənfəət iki dəfədən çox artaraq 7.928 milyard dollar təşkil edib.

Şirkətin hesabatında qeyd olunub ki, gəlirlərin yüksəlməsinə artan tədarüklər və müsbət valyuta təsirləri səbəb oldu, avtomobillərin ortalama satış qiymətinin (ASP) azalması isə əks təsir göstərdi. Bununla belə, “Tesla” 2024-cü ildə avtomobil satışlarının artımının əhəmiyyətli dərəcədə yavaşlayacağını gözləyir.

Qeyd etmək lazımdır ki, Amerika şirkəti “Tesla Motors” 2003-cü ildə elektrik nəqliyyat vasitələri və müvafiq texnologiyaların istehsalçısı kimi təsis edilib. Şirkətin baş ofisi Kaliforniyanın Palo Alto şəhərində yerləşir. Elektrikli nəqliyyat vasitələri ilə yanaşı, şirkət öz texnologiyalarında istifadə edərək akkumulyatorlar və elektrik mühərriklər istehsal edir və onları digər avtomobil şirkətlərinə, xüsusən də “Toyota” və “Daimler”-ə satır.