BAZAR

21 Avqust

Bakı metropoliteninin sərnişin daşımalarından əldə olunan gəlir 9% artıb

Bu ilin ilk yarısında Azərbaycanda metro nəqliyyatı (Bakı metropoliteni – red.) ilə sərnişin daşımalarından əldə olunan gəlir 44 053,4 min manat təşkil edib, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 9% artıb.

Dövlət Statistika Komitəsindən Finss.az-a verilən məlumata görə, 2023-cü ilin yanvar-iyun aylarında metropolitenin gəliri 40 425,6 min manat təşkil edib. Bu ilin ilk altı ayında Bakı metrosu ilə 113 195,2 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 4,1% çoxdur.

Hazırda Bakı metrosunun ümumi xətt uzunluğu 40,7 kilometr, stansiyaların sayı isə 27-dir. Gələcəkdə isə Dövlət Proqramına əsasən, 2030-cu ildə Bakı metropoliteninin xətt uzunluğu 119,1 kilometrə, stansiya sayı isə 76-ya çatdırılacaq. Bu çərçivədə metropolitenin konseptual inkişaf proqramına uyğun olaraq tikinti işləri davam etdirilir.