Elm

21 Avqust

Bu ilin yanvar-iyul ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi və icarəsi üzrə GÖSTƏRİCİLƏR

Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən 2024-cü ilin ilk 7 ayında özəlləşdirmə və icarədən dövlət büdcəsinə 122,8 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

Bu barədə Finss.az-a ƏMDX-dən məlumat verilib.

Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-iyul ayları ərzində 35 hərrac keçirilib. Hərraclarda 5 səhmdar cəmiyyətinin səhm paketi, 6 kiçik dövlət müəssisəsi, 465 nəqliyyat vasitəsi satılıb. Bu ilin yanvar-iyul ayları ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 360 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron Hərrac” proqram təminatı vasitəsilə 44 onlayn qoşulma reallaşıb.

Cari ilin ilk 7 ayında özəlləşdirmədən dövlət büdcəsinə 100,7 milyon manat vəsait daxil olub, ötən ilin eyni dövrü ilə müqayisədə 46,1% artım qeydə alınıb.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-iyul ayları ərzində 350-si qeyri-yaşayış, 1.881-i isə torpaq sahəsi üzrə olmaqla 2.231 yeni icarə müqaviləsi bağlanılıb. 

2024-cü ilin ilk 7 ayında daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 22,1 milyon manat vəsaitin ödənilməsi təmin olunub, ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% artım qeydə alınıb.

Beləliklə, 2024-cü ilin yanvar-iyul ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə 122,8 milyon manat vəsait daxil olub.



Zemfira Ms
Finss.az