2024-cü ilin ilk yeddi ayında Aktau və Kurık dəniz limanları vasitəsilə təxminən 4,2 milyon ton yük daşınıb, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə eyni səviyyədə qalıb.
Finss.az xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinin Dəmiryolu və Dəniz Nəqliyyatı Komitəsinin sədr müavini Kasım Tlepov açıqlayıb.
Kasım Tlepovun verdiyi məlumata görə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə yükdaşımaların həcmi bu dövr ərzində 63 faiz artaraq 2,5 milyon tona çatıb. O, qeyd edib ki, ildən-ilə bu marşrutla daşınan yüklərin növü genişlənməkdədir.
Tlepov, həmçinin vurğulayıb ki, 2024-cü il ərzində Aktau və Kurık limanları vasitəsilə ümumilikdə 8 milyon tona yaxın yük, o cümlədən TBNM marşrutu ilə 4,2 milyon ton yük daşınmasının planlaşdırıldığını bildirib.
Xatırladaq ki, Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçərək Çin ilə Avropa ölkələrini birləşdirən vacib ticarət marşrutudur.
Fuad Mədətov
Finss.az