BAZAR

05 Avqust

Bu ilin birinci yarımilliyi ərzində dövlət əmlakının icarəsi üzrə göstəricilər

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-iyun ayları ərzində dövlət əmlakının icarəsindən büdcəyə 17,8 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

Fins.az ƏMDX-daya istinadən  verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ildə dövlət əmlakının icarəyə verilməsi sahəsində işlər davam etdirilib. 2024-cü ilin birinci yarımilliyi ərzində qeyri-yaşayış sahəsinə dair 308 yeni icarə müqaviləsi bağlanılıb. Bu dövrdə qeyri-yaşayış sahələrinin icarəsindən dövlət büdcəsinə 3,3 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Eyni zamanda, cari ilin yanvar-iyun aylarında 1518 torpaq sahəsinə dair yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövründə torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə 14,5 milyon manat məbləğində vəsait ödənilib.

Ümumilikdə qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 2024-cü ilin birinci yarımilliyi ərzində 1826 yeni icarə müqaviləsi bağlanılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bağlanan icarə müqaviləsinin sayı 4,88% artıb.

Cari ilin yanvar-iyun ayları ərzində daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 17,8 milyon manat məbləğində vəsaitin ödənilməsi təmin olunub. 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10,1% artım qeydə alınıb.