Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar çərçivəsində əmlak məsələləri sahəsində də bir sıra irəliləyişlərə nail olunub. Belə ki, dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, daşınmaz əmlakın qeydiyyatı və kadastrı, torpaq idarəçiliyi və digər sahələrdə mühüm işlər görülüb. Eyni zamanda, vətəndaşlara və sahibkarlara göstərilən dövlət xidmətlərində şəffaflığın artırılmasına, elektron xidmətlərin genişləndirilməsinə, vətəndaş məmnunluğunun yüksəldilməsinə xüsusi diqqət yetirilib.
Fins.az xəbər verir ki, cari ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) özəlləşdirmə hesabına dövlət büdcəsinə 75 milyon manat köçürüb.
ƏMDX-dən verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz çoxdur.
Qeyd edək ki, hesabat dövründə ƏMDX 29 hərrac keçirib. Hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi, 6 kiçik dövlət müəssisəsi, 412 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakı üzrə 305 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 38 onlayn qoşulma reallaşıb. Birinci yarımillikdə hərrac vasitəsilə 18 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib.
6 ay ərzində yeni iş yerlərinin açılması, sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsi baxımından iri dövlət müəssisələrinin investisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilməsi davam etdirilib. Hesabat dövründə investisiya müsabiqəsi vasitəsilə “Bakı Alüminium Profil” MMC özəlləşdirilib. Bununla yanaşı, “Bakı Mərmər Qranit” MMC-nin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edilib. Hazırda Müsabiqə Komissiyası təklifləri qiymətləndirir.