BAZAR

28 İyun

Azərbaycan Türkiyəyə təbii qaz idxalında20,32 % payla yerini tutub

Türkiyənin təbii qaz idxalı keçən il ondan öncəki ilə nisbətən 7,64 % azalaraq 50,48 milyard kubmetrə çatıb.

Fins.az xəbər verir ki, Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) illik təbii qaz sektoru hesabatına görə, Türkiyənin keçən il idxal etdiyi 50,48 milyard kubmetr təbii qazın 71,73%-inə bərabər olan 36,21 milyard kubmetri boru kəmərləri vasitəsilə alınıb. Qalan 14,27 milyard kubmetr, yəni 28,27 faizi mayeləşdirilmiş təbii qaz (LNG) kimi alınıb.

2022-ci ildə təbii qaz idxalının həcmi 54 milyard 661 milyon 670 min kubmetr olaraq qeydə alınıb.

Ötən il təbii qaz idxalının 66,39 faizi uzunmüddətli idxal lisenziyası çərçivəsində, 33,61 faizi isə spot əsasında həyata keçirilib.

Türkiyə 21 fərqli ölkədən təbii qaz idxal edib. Təbii qaz idxalında Rusiya 42,27 faiz payla birinci, Azərbaycan 20,32 faiz, Əlcəzair 11,86 faiz, İran 10,71 faiz və ABŞ 7,95 faiz payla sonrakı yerlərini tuturlar.

Türkiyə Rusiyadan 21 milyard 340 milyon kubmetr təbii qaz idxal etdiyi halda, ən azı 92 milyon kubmetr təbii qaz Omandan alınıb. Norveç, Braziliya və Mozambik kimi ölkələr də təbii qazın idxal edildiyi yerlər arasındadır.

Uzunmüddətli LNG müqaviləsi çərçivəsində Əlcəzairdən təqribən 6 milyard kubmetr təbii qaz idxal edildiyi halda, ABŞ-dan 4 milyard kubmetr, Misirdən isə 1,32 milyard kubmetr LNG spot olaraq idxal edilib. Fransa və Belçika da az miqdarda spot LNG-nin alındığı ölkələr arasında yer alır.

Ümumi idxalın 90,45 faizi BOTAŞ, 3,43 faizi Akfel, 2,77 faizi Bosphorus Gaz, 1,98 faizi Kibar Enerji, 0,97 faizi Socar Enerji, 0,39 faizi isə Ege Gaz AŞ tərəfindən həyata keçirilib.

İdxal edilən qazın giriş nöqtələri müqayisə edildikdə, Durusu 11,95 milyard kubmetrlə birinci yerdədir.

Onu da qeyd edək ki, Türkiyə də keçən il 896 milyon 280 min kubmetr təbii qaz ixrac edib. Boru kəmərləri ilə Bolqarıstana ümumilikdə 370 milyon 900 min kubmetr təbii qaz göndərilib.

Bu ölkədən sonra 216 milyon 570 min kubmetrlə Yunanıstan və 101 milyon 460 min kubmetrlə Rumıniya gəlir. Ən çox LNG göndərilən ölkə isə 206 milyon 420 min kubmetrlə İsveçrə olub.