BAZAR

21 İyun

Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 4,3% artıb - CƏDVƏL

2024-cü ilin yanvar-mart aylarında Bakı şəhərində pərakəndə ticarət dövriyyəsinin həcmi 2023-cü ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,3% artaraq 7 milyard 834,2 milyon manat olub.

Fins.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsindən bildirilib.

Statistika İdarəsinin məlumatına görə, cari ilin I rübündə ən yüksək pərakəndə ticarət dövriyyəsi Nəsimi rayonunda qeydə alınıb. Bu dövrdə Nəsimi rayonunda 1 milyard 196.4 milyon manatlıq məhsul satılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14.3% çoxdur.

Bu siyahıda ikinci yerdə Nizami rayonu gəlir. Belə ki, Nizamidə pərakəndə ticarət dövriyyəsi 902 milyon 342 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0.6% azdır.

Üçüncü yerdə isə Xətai rayonu dayanır. Cari ilin yanvar-mart aylarında Xətaidə pərakəndə ticarət dövriyyəsinin həcmi 853 milyon 607 min manat olub ki, bu da 2023-ci ilin yanvar-mart ayları ilə müqayisədə 6.5% çoxdur.

Qeyd edək ki, hesabat dövründə paytaxtın iki rayonunda pərakəndə ticarət dövriyyəsi azalıb, on rayonunda isə artıb.

Pərakəndə ticarət dövriyyələrinin ən yüksək artım faizi Nəsimi ( 14.3% artım) və Pirallahı (18.3% artım) rayonlarında, azalma faizi isə Nizami ( 0.6% azalma) və Qaradağ ( 3.1% azalma) rayonlarında qeydə alınıb.

Xatırladaq ki, hesabat dövründə Bakıda pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2023-cü ilin müvafiq dövrünə nisbətən 1% azalaraq 4 milyard 553,1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 12,9% artaraq 3281,1 milyon manata bərabər olub. Dövriyyənin ümumi həcmində ərzaq məhsulları, içkilər və tütün məmulatlarının xüsusi çəkisi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,6% azalaraq 58,1% təşkil edib.

Aşağıdakı cədvəldə hesabat dövründə Bakı şəhərinin rayonları üzrə pərakəndə ticarət dövriyyələrinin həcmi və ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb azalma faizləri verilib.

Bakının rayonları Pərakəndə ticarət dövriyyəsinin həcmi, min manat Ötən ilin müvafiq dövrü ilə müqayisədə, faizlə
Nəsimi 1 196 393 14,3% artıb
Nizami 902 342 0,6% azalıb
Xətai 853 607 6,5% artıb
Sabunçu 829 720 0,1% artıb
Qaradağ 805 516 3.1% azalıb
Nərimanov 778 490 4% artıb
Yasamal 665 877 2,9% artıb
Səbail 631 923 7% artıb
Binəqədi 609 527 3.6% artıb
Suraxanı 343 276 10,1% artıb
Xəzər 213 680 4,3% artıb
Pirallahı 3 825 18,2% artıb