BANK

25 Yanvar

Yaponiya Bankı (BoJ) faiz dərəcəsini 0.5%-ə qədər artırdı

Finss.az - Yaponiya Bankı (BoJ) 23-24 yanvar tarixlərində keçirdiyi iclasdan sonra əsas faiz dərəcəsini 0.25%-dən 0.5%-ə qədər qaldırdı. Bu da, 2008-ci ilin oktyabr ayından bəri ən yüksək göstəricidir.

Yaponiya mərkəzi bankının qərarı ekspertlərin konsensus proqnozları ilə üst-üstə düşüb.

"Yaponiya Bankının iqtisadi və inflyasiya proqnozlarının reallaşma ehtimalı artır", - tənzimləyici qurumun iclasdan sonra dərc olunan bəyanatda qeyd olunur.

Bu artıq bir ildən az müddətdə üçüncü faiz artımıdır. 2024-cü ilin mart ayında BoJ 17 il ərzində ilk dəfə olaraq faiz dərəcəsini mənfi göstəricidən çıxararaq artırdı. İyul ayında faiz dərəcəsi ikinci dəfə - 0.25%-ə qədər qaldırılıb.

Yaponiya Bankının açıqlamasında bildirilir ki, iqtisadi vəziyyət onun proqnozlarına uyğun inkişaf edərsə, tənzimləyici qurum uçot dərəcəsini yenidən artıracaq.