BANK

23 Yanvar

Uçot dərəcəsinin dəyişməsi depozit faizlərinə necə təsir edir?

Uçot dərəcəsinin 1 faiz bəndi dəyişməsi təxminən 0,60 faiz bəndi AZİR indeksinə təsir göstərir. Bu, öz növbəsində depozit faizlərinin təxminən 1 faiz bəndi dəyişməsi ilə 0,4-0,5 faiz bəndi ətrafında təsir yaradır.

Finss.az xəbər verir ki, bunu ötən gün Mərkəzi Bankın baş direktoru Vüqar Əhmədov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, həmin rəqəmləri bir-birinə vurduqda uçot dərəcəsinin 1 faiz dəyişməsi faktiki olaraq uzunmüddətli depozitlərə 0,3 faiz bəndi artırıcı və ya azaldıcı təsir göstərir:

"Bu, ümumi transmissiya qiymətləndirilməsidir. Biz müşahidə edirik ki, zaman keçdikcə ötürücülük daha da güclənir. Bizim gördüyümüz odur ki, artıq depozit faizləri vasitəsilə kredit faizlərinə də təsir göstəririk. Yəni uzun illər istədiyimiz ötürücülük təsirini artıq alırıq.

2022-ci ilin sentyabrın 1-də başladığımız yol artıq bu transmissiyanın gücləndirilməsinə yönəlib. Ona görə də 2025 və sonrakı illərdə biz uçot dərəcəsinin transmissiyasının yalnız gücləndirilməsi istiqamətində islahatlarımıza davam edəcəyik."