Finss.az - İpoteka və Kredit Zəmanət Fondu, şəxsi yığımları kifayət etməyən vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə kirayə mexanizmini uğurla həyata keçirir. 2024-cü il ərzində bu mexanizm vasitəsilə 2 minə yaxın ailə dövlət tərəfindən kirayə mənzil alıb.
Fonddan verilən məlumata görə, 2024-cü ildə 1871 müqavilə imzalanıb ki, bu da 2023-cü ilin analoji dövrü ilə müqayisədə 30,9 faiz artım təşkil edir. Ümumilikdə, ötən il ərzində kirayə mexanizmi sayəsində 6257 ailə öz mənzil şəraitini yaxşılaşdırıb. Bu ailələrin 60 faizindən çoxunu gənclər və gənc ailələr təşkil edib.
Fond tərəfindən vətəndaşlara təqdim olunan mənzillər 14 fərqli ünvanda yerləşir. Bunlardan 6-sı Bakı şəhərində, 2-si Sumqayıt və 3-ü Xırdalan şəhərlərində, qalan 3-ü isə Abşeron rayonunun Masazır, Saray və Məmmədli qəsəbələrində yerləşir.
Bu mexanizm, xüsusilə gənclərin və gənc ailələrin mənzil sahibi olmalarına kömək etməyə davam edir.