BANK

13 Yanvar

Yığılmış zərər 32,4 mln. manatdan 24,67 mln. manata enib

Finss.az - “Bank Melli İran”ın Bakı Filialı 2024-cü ili 7,72 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da 2023-cü illə müqayisədə 2 dəfə çoxdur.

Hesabat dövründə filial 5,07 milyon manat faiz gəliri əldə edib ki, bu da illik müqayisədə 64% artım deməkdir. Eyni zamanda, filialın faiz xərcləri 285,6 manat olub.

2023-cü ildən etibarən “Bank Melli İran” kredit verilişini dayandırdığından, aktivlər üzrə ehtiyat ayırmalarından 6,62 milyon manat vəsait geri çəkilib. Bu, 2023-cü illə müqayisədə 2 dəfə çox olub və Filialın xalis mənfəətinin kəskin artmasına səbəb olub.

Mənfəət artımına baxmayaraq, tətbiq olunan məhdudiyyətlər nəticəsində 2023-cü illə müqayisədə 2,2% azalma müşahidə olunub. Belə ki, 2025-ci ilin yanvarın 1-nə Filialın cəmi aktivləri 2,66 milyon manat azalaraq 119,1 milyon manat olub. Kredit portfeli isə 63,4% (2,58 milyon manat) azalaraq 1,49 milyon manat təşkil edib. 2023-cü ilin sonunda bu rəqəm 4,07 milyon manat olub.

Bu ilin yanvarın 1-nə bankın öhdəlikləri 2024-cü ilin əvvəlinə nisbətən 10,4 milyon manat (13%) azalaraq 70,17 milyon manata enib. Filialın cəmi kapitalı isə bu dövrdə 19% artaraq 48,9 milyon manata çatıb. “Bank Melli İran”ın Bakı Filialının yığılmış zərəri 32,4 milyon manatdan 24,67 milyon manata enib.