BANK

18 İyul

Dünya Bankı: Qərbi Balkan ölkələri iqlim dəyişikliyi ilə mübarizəyə 34 milyard avro sərmayə qoymalıdır

Qərbi Balkan ölkələri insanları və əmlakı iqlim dəyişikliyinin artan təsirindən qorumaq üçün növbəti on il ərzində ən azı 34 milyard avro sərmayə qoyuluşu həyata keçirməlidir.

Fins.az xəbər verir ki, bu barədə Dünya Bankının region ölkələri ilə bağlı hesabatında deyilir.

Bildirilir ki, bu investisiya qoyuluşu ilə regionun altı ölkəsi öz iqtisadiyyatları, vətəndaşlarını və infrastrukturlarını iqlim dəyişikliyinin yaratdığı artan təhlükələrdən qoruya bilərlər. Belə sərmayələr şəhərlərin yaşıllaşdırılmasına, daşqınlara qarşı müdafiənin gücləndirilməsinə, həyat qurtaran erkən xəbərdarlıq sistemlərinin yaradılmasına, davamlı və iqlim baxımından ağıllı təcrübələrlə kənd təsərrüfatının modernləşdirilməsi, şəhər mənzərələrinin dəyişdirilməsinə kömək edəcək.

Dünya Bankı Qərbi Balkan ölkələrini iqlim dəyişikliyi ilə bağlı birgə addımlar atmağa, iqlim uyğunlaşmasına proaktiv sərmayə qoymağa çağırıb. Bank hesab edir ki, iqlim dəyişikliyinə uyğunlaşma sərmayələri, xüsusən də aşağı və orta gəlirli iqtisadiyyatlarda əhəmiyyətli gəlirlər yaradır və hər 1 avro sərmayə qoyuluşu üçün təqribən 4 avro gəlir gətirir.

Hesabatda qeyd olunub ki, Bosniya və Herseqovina, Monteneqro, Serbiya, Albaniya, Kosovo və Şimali Makedoniya iqlim dəyişikliyi ilə bağlı zəruri tədbirlər görməlidir. 

Avropa İttifaqının günəş, külək və hidroenerji keçidini tələb edən 2050-ci ilə qədər iqlim neytrallığına nail olmaq məqsədlərinə uyğunlaşmaq üçün isə bu altı ölkə əlavə 30 milyard avroyadək sərmayə qoymalıdır.

© Azertac

Kaira Agayeva 

Fins.az