BANK

12 İyul

"Unibank" II rübün maliyyə nəticələriniaçıqlayıb

"Unibank" ASC bu gün ölkədə real sektorun maliyyə vəsaiti ilə təmin olunmasında daha çox aktivlik nümayiş etdirən banklardandır. 2024-cü ilin 2-ci rübü ərzində də Bank aktiv kreditləşməni davam etdirərək, ölkə iqtisadiyyatına öz töhfəsini artırıb.

2023-ci ilin ikinci rübünün nəticələri ilə müqayisədə cari ilin müvafiq dövründə “Unibank”ın ümumi kredit portfelinin həcmi 92 milyon manat çoxalıb. Bu artımda biznes kreditlərinin xüsusi payı var. Bankın yeni strateji hədəflərinə uyğun olaraq, kredit portfelində real sektora verilmiş kreditlərin payının artırılması “Unibank”ın prioritetləri sırasındadır. İlin əvvəlindən etibarən biznes kreditlərinin həcmi ümumi kredit portfelinin tərkibində genişlənməkdə davam edir. 2023-cü ilin ikinci rübünün yekunu ilə müqayisədə biznes kreditlərinin Bankın ümumi kredit portfelində payı 30 iyun 2024-cü il tarixinə 11,5 % artıb.

Fins.az xəbər verir ki, Ümumilikdə isə biznes kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə artaraq, 378 milyon manatı ötüb. Bank vəsaitləri ilə KOS və Mikro sahibkarlarına verilən işlək kreditlər son bir ildə 32 % artıb.

"Unibank" regionlarda və ucqar kəndlərdə mikro sahibkarlara müxtəlif sektorlar üzrə kredit əlçatanlığını artırmaqla, ölkədəki inkluziv inkişafa töhfə verməkdədir. Bankın verdiyi mikrokreditlərin 80 %-i məhz regionların payına düşür.

Real sektorun kreditləşməsində aktivlik, Bankı seçən biznes müştərilərinin statistikasında, aktiv biznes müştərilərinin sayının artmasında da özünü göstərib. Ötən ilin eyni dövrü ilə müqayisədə "Unibank"ı seçən sahibkarların sayında 25 %, hüquqi şəxslərin sayında isə 23 % artım olub. Son 1 ildə "Unibank"da sahibkarların açdığı onlayn hesablarda 53 % artım qeydə alınıb.

"Unibank" öz korporativ sosial məsuliyyət strategiyası çərçivəsində qadın sahibkarları dəstəkləməkdə davam edir. Bu sahəyə xüsusi diqqətin nəticəsi olaraq, bank tərəfindən maliyyə vəsaiti ilə təmin olunan qadın sahibkarların sayı ikinci rübün sonuna 5 min nəfəri ötüb.