AVTO

27 İyun

BMW-dən yeni şou avtomobili: Concept Skytop

BMW-nin Villa d'Este Concours d'Elegance zəriflik müsabiqəsi üçün hazırladığı unikal şou avtomobilləri artıq bir ənənəyə çevrilib.

Fins.az xəbər verir ki, bu il tədbirdə tarqa kuzovlu BMW Concept Skytop debüt etdi. Adrian van Hoydonkun rəhbərlik etdiyi dizayn qrupunun ilham mənbəyi 1956-cı ilin BMW 503 və 1998-ci ilin BMW Z8 modelləri olub.

BMW Concept Skytop, 8 Series kabrioletinin modifikasiya olunmuş versiyasıdır. Bütün kuzov panelləri yenidən hazırlanıb, orijinal optika və arxa şüşəni gizlədən kütləvi tağ quraşdırılıb. Qapı tutacaqları əvəzinə pəncərə xəttinin altında gizli "dillər" var. Dam, içəri və xarici tərəfi dəri ilə örtülmüş iki sərt paneldən ibarətdir.

Avtomobilin interyeri orijinal kabrioletdən çox fərqlənmir və yalnız tərtibatda plastik və dəri materiallarından istifadə olunub. BMW Concept Skytop, M8 Competition modelindən götürülmüş 625 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edən 4,4-litrlik V8 turbomühərriki ilə təchiz olunub. Texniki təkmilləşdirmələr və kiçik miqyaslı istehsal barədə məlumat verilməyib və bu modelin yeganə nüsxə olaraq qalması gözlənilir.

Fuad Mədətov
Fins.az