ANALİTİKA

14 İyun

İqtisadi yüksəlişdə özəl sektorun özəl payı

İslahatlar hesabına bu payın həcmi ilbəil artır

Bir siyasi formasiyadan digərinə keçid həmişə ağrılı olur. Biz bunu ötən əsrin 90-cı illərində yaşadıq. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda iqtisadi böhran və siyasi xaos pik həddə çatmışdı. 

Təcrübəli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyev xalqın çağırışına səs verib gənc dövlətimizin siyasi hakimiyyətinin başına keçməsəydi, bu böhran və xaosun nə ilə nəticələnəcəyini demək indinin özündə də mümkün deyil. Bircə onu demək mümkündür ki, Ulu Öndərin həmin dövr apardığı islahatlar ölkəni təkcə sosial-iqtisadi və ictimai-siyasi böhrandan xilas etmədi, həm də bugünkü inkişafımızın təməli oldu.
Prezident İlham Əliyev də ölkəyə rəhbərlik etdiyi ilk dövrdən iqtisadi və sosial islahatların genişləndirilməsi istiqamətində praqmatik addımlar atır. İslahatlarla  müşayiət  olunan bu addımlar dünyada da yüksək qiymətləndirilir. Biznes və investisiya mühitinin əlverişliyini xarakterizə edən Dünya Bankının "Doing Business" hesabatının 2008-ci və 2018-ci illərdəki nəşrlərində Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. 2019-cu ildə isə Azərbaycan 10 ən çox islahat aparan ölkələr sırasına daxil olmaqla 190 dövlət arasında 28-ci yeri tutub. Dünya Bankının sonuncu hesabatında Azərbaycan biznesə başlama indikatoruna görə dünyada 9-cu, kreditlərin əldə olunmasına görə 1-ci yerdə qərarlaşıb. Bunlardan əlavə, Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatının sonuncu reytinq nəşrində Azərbaycan reytinq üzrə ən yüksək artım tempinə (11 pillə irəliləyiş) malik ölkə olaraq 58-ci yerə yüksəlib. Hesabata görə, Azərbaycan hökuməti uzunmüddətli strategiya üzrə dünyada 10-cu, ən önəmlisi  - ölkə rəhbərinin islahatlara sadiqliyi sahəsində 5-cidir. Dünya İqtisadi Forumunun nüfuzlu "İnklüziv İnkişaf İndeksi"nin sonuncu nəşrində isə Azərbaycan inkişaf etməkdə olan ölkələr arasında 3-cü (74 ölkə arasında) olub.
Dünyanın nüfuzlu təşkilatları tərəfindən ölkəmizdə icra edilən islahatlara belə yüksək qiymət verilməsi görülən real işlərin nəticəsidir. Bu yüksək qiymət həm də ölkəmizin real sektorunda sahibkarlığın özünü təsdiq etməsinin göstəricisidir. Xüsusilə ölkə üzrə özəl sektor qeyri-neft-qaz sektorunda məhsul istehsalı və xidmət sahəsində liderdir. Konkret rəqəmlərə gəldikdə, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin yanvar-aprel aylarında qeyri-neft-qaz sektorunda 8,7 faiz artım qeydə alınmışdır. Həmin dövr sənayedə qeyri-dövlət sektorunun payı 80,8 faizə qədər yüksəlmişdir.
Onu qeyd edək ki, Azərbaycanda sahibkarlığın formalaşması və inkişafı birbaşa dövlət dəstəyi ilə mümkün olmuşdur. Dövlət tərəfindən bu sahəyə çoxsaylı güzəştlər edilir, sahibkarların hüquqları qorunur. Ən başlıcası isə, dövlət özəl sektorun inkişafı üçün onun maliyyə təminatını gücləndirir. Bu vaxtadək özəl sektorun inkişafı üçün yüz milyonlarla manat güzəştli kreditlər verilmişdir. Özəl sektorun güzəştli kreditləşməsi bu gün də davam edir. Sahibkarlığın İnkişafı Fondundan verilən məlumata görə, təkcə cari ilin yanvar-may aylarında sahibkarlıq subyektlərinin müxtəlif layihələrinin maliyyələşdirilməsi üçün 83,4 milyon manat güzəştli kredit verilib. Keçən il isə fond tərəfindən ümumi dəyəri 459,9 milyon manat olan 3276 sahibkara 193,8 milyon, o cümlədən 3261 kiçik və ortahəcmli layihəyə 139,3 milyon manat güzəştli kredit ayrılıb. Verilən kreditlər sayəsində 3154 yeni iş yerinin açılması planlaşdırılıb.
Onu da qeyd edək ki, güzəştli kreditlər verilərkən ölkənin qarşıya qoyulan strateji hədəfləri nəzərə alınır. Məsələn, ötən il güzəştli kreditlərin 55,1 faizi aqrar sektorun, 44,9 faizi müxtəlif sənaye məhsullarının istehsalı, emalı, həmçinin digər vacib sahələrin inkişafına yönəldilmişdir. Həmin kreditlərin 85,5 faizi regionların, 14,5 faizi Bakı və ətraf qəsəbələrin payına düşmüşdür ki, bütün bunlar da ölkəmizin iqtisadi inkişaf konsepsiyasına uyğundur.
Bu gün ölkənin ixrac-idxal əməliyyatlarında müsbət saldo mövcuddursa, ixracda qeyri-neft-qaz məhsullarının çəkisi ildən-ilə artırsa, deməli, islahatlar baş tutub. Əhalinin gəlirlərinin artması, məşğul əhalinin sayının yüksəlməsi də aparılan iqtisadi islahatlarla, sahibkarlığın inkişafına verilən dövlət dəstəyi ilə bağlıdır.


© "Azərbaycan"