ANALİTİKA

15 Fevral

Ölkəyə yaşıl investisiyaların cəlbi istiqamətində mühüm addımlar atılıb

Son illər ölkədə yaşıl iqtisadiyyatın inkişafı ilə bağlı mövcud olan potensialın reallaşdırılması istiqamətində, qanunvericilik sahəsində müasir dövrün tələblərinə uyğun olaraq islahatlar aparılıb və dekarbonizasiya, yaşıl investisiyaların cəlbi, yaşıl maliyyələşdirilmə təşəbbüslərinin dəstəklənməsi istiqamətində mühüm addımlar atılıb.

Bu barədə “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” Forumunda çıxış edərkən ekologiya və təbii sərvətlər nazirinin səlahiyyətlərini icra edən Muxtar Babayev deyib.

Onun sözlərinə görə, həyata keçirilən tədbirlər öz nəticəsini verməkdədir. Belə ki, 2019-cu ildən etibarən mərhələlərlə elektrik və hibrid mühərrikli avtomobillərə, eyni zamanda enerji dolduruculara vergi güzəştləri tətbiq olunur.

"Güzəştlər tətbiq olunandan sonra elektromobillərin idxalında artım müşahidə olunur. 2023-cü ildə 2021-ci illə müqayisədə 20 dəfədən çox elektromobil idxal olunub. Bu yaxınlarda qəbul olunan köhnə və yararsız nəqliyyat vasitələrinin utilizasiyası çərçivəsində avtomobil sahiblərinə güzəştlər təklif edilməklə yeni avtomobil istehsalı, ekoloji dayanıqlılıq və təkrar emal təşviq edilir",- deyə M.Babayev əlavə edib.